Milli Məclisin deputatı Razi Nurullayevin iş adamı olan qardaşı Hasil Nurullayevin oğluna Dubayda təmtəraqlı toy mərasimi etməsi müzakirələrə səbəb olub. Mərasimdən çəkilmiş videokadrların sosial şəbəkələrdə yayılması Razi Nurullayevin qınanılması ilə nəticələnib. Bir çoxları deputatı qardaşının israfçılığa yol verməsinin qarşısını ala bilməməkdə ittiham edib.
Teleaparıcı Elçin Əlibəyli də BakuTV-dəki verilişində deputatı tənqid edib.
Buna cavab olaraq deputat Razi Nurullayev Facebook-da Elçin Əlibəyliyə etiraz edib:
“Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib 50 nəfərlik toy ediblər.
Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs.
Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir... Onlar xöşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”, - deputat vurğulayıb.
Modern.az bununla əlaqədar aparıcı Elçin Əlibəyli ilə əlaqə saxlayıb. Aparıcı toyla bağlı nə lazımdırsa, efirdə dediyini söyləyib:
"Razi Nurullayevin dedikləri ilə bağlı heç bir şərh verməyəcəm. Nə lazımdırsa, efirdə deyilib".