Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.
Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, IT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə müraciət edə bilərlər.
Azərbaycan-Suriya arasındakı dövlətlərarası münasibətlərin potensialını aradakı iqtisadi əlaqələr əks etdirmir.
Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirli bildirib. O qeyd edib ki, Azərbaycanda iqtisadi göstərici yüksək olsa da Suriyadakı vəziyyət tərəfdaşlıq üçün qənaətbəxş deyil:
"Bununla belə Azərbaycan tərəfi Suriya ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan-Türkiyə-Suriya formatı daha çox müşahidə edilir.
Düşünürəm ki, neft-qaz sektorundakı təcrübəmiz Suriyada daha çox karımıza gələ bilər. Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə Suriya ilə bağlı "Mən İlham qardaşıma Suriya ilə tərəfdaşlıq barədə xahiş etmişdim, o da müsbət cavab vermişdi",-deyə sözləri də var. Bundan sonra qaz ixracı barədə razılıq verilib. Hadisə iki ölkə arasındakı iqtisadi münasibətlərin start nöqtəsidir".