ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandıracaq.
Modern.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi isə hələlik açıqlanmayıb. Qərar Rusiyadan İrana, Braziliyadan Somaliyə qədər geniş coğrafiyanı əhatə edir. Siyahıya həmçinin Azərbaycan da daxil edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott bildirib ki, sözügedən ölkələrdən immiqrasiya Dövlət Departamentinin immiqrasiya nəzarəti prosedurlarına yenidən baxılması dövründə dayandırılacaq. Onun sözlərinə görə, məqsəd sonradan sosial təminat və dövlət güzəştlərindən istifadə edəcək xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaqdır.
Açıqlanan siyahıya Əfqanıstan, Albaniya, Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Bosniya, Braziliya, Kuba, Misir, Gürcüstan, Haiti, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Liviya, Moldova, Mərakeş, Nigeriya, Pakistan, Rusiya, Somali, Sudan, Suriya, Tunis, Özbəkistan və Yəmən daxil olmaqla ümumilikdə 75 ölkə daxildir.
Qərarın humanitar, tələbə və iş vizalarına necə təsir göstərəcəyi, həmçinin istisnaların olub-olmayacağı barədə ABŞ rəsmiləri hələlik əlavə açıqlama verməyib.