İşğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, Böyük Qayıdış prosesi, eləcə də bu torpaqlara geri dönən insanların sevinci və ümid dolu gələcəyi ölkəmizin müasir tarixinin ən mühüm mərhələsidir.
Bu tarixi mərhələnin insanların gözü ilə, real və səmimi şəkildə vizual sənədləşdirilməsi məqsədilə ModernAz Gallery adlı sosial-media layihəsinə start verilir.
Məqsədi işğaldan azad edilmiş bölgələrin bugünkü simasını göstərmək, 30 illik işğalın izlərini və eyni zamanda dirçəliş prosesini vizual dillə əks etdirmək, Böyük Qayıdışın sosial, mənəvi və emosional tərəflərini geniş ictimaiyyətə çatdırmaq və vətəndaşların bu tarixi prosesdə birbaşa iştirakçı olmasını təmin etməkdir.
ModernAz Gallery çərçivəsində işğaldan azad edilmiş hər bir bölgə üzrə vətəndaşlardan fotoşəkillərin təqdim edilməsi nəzərdə tutulur.
Fotolar bölgələrin təbii gözəlliyi, aparılan quruculuq və bərpa işləri, geri qayıdan sakinlərin gündəlik həyatı və xoşbəxtliyi, işğal dövrünün izləri və tarixi yaddaş, dirçəliş, ümid və gələcək simvolları ıks olunmalıdır.
Layihə mərhələli şəkildə, bölgə-bölgə həyata keçiriləcək.
İstənilən şəxs burada iştirak edə bilər. Fotoşəkillər mobil telefon, fotoaparat və ya digər texniki vasitələrlə çəkilə bilər. Təqdim olunan materiallar real, dəyişdirilməmiş və layihənin mövzusuna uyğun olmalıdır. Foto müəllifi şəkil üzərində bütün hüquqlara sahib olmalıdır.
Hər bölgə üzrə təqdim olunan fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Hər bölgədən ən yaxşı 10 foto, yaxur video seçiləcək. Həmin məhsullar rəsmi platformalarda paylaşılacaq.
Bütün bölgələrdə nəzərdə tutulan iş tamamlandıqdan sonra ModernAz Gallery yaradılacaq. Hər bölgə üzrə münsiflər tərəfindən seçilmiş 10 foto, yaxud video həmin kataloqda yerləşdiriləcək. Müəlliflərə mütləq istinad ediləcək.
Bu layihə vasitəsilə Qarabağ və Şərqi Zəngəzur kadr-kadr, insan-insan, ümid-ümid yenidən dünyaya təqdim olunacaq.
Fotolar və videolar +994 51 594 26 56 nömrəsinə göndərilməlidir.