Ermənistan Türkiyə ilə Azərbaycan arasında dəmir yolu xəttinin müəyyən hissələrinin təmiri ilə bağlı Rusiyadan cavab gözləyir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, məsələ həm dövlət başçıları, həm də müvafiq baş nazir müavinləri səviyyəsində müzakirə olunub.
"Mənim bu barədə Rusiya Prezidenti ilə müzakirə etmək imkanım oldu və Ermənistan Baş nazirinin müavini də bu məsələni Rusiya Federasiyası Baş nazirinin müavini ilə müzakirə edib. Biz rusiyalı tərəfdaşlarımızdan cavab gözləyirik", - deyə Paşinyan bildirib.
Vaxt çərçivəsinə gəldikdə, Baş nazir qeyd edib ki, davam edən proseslər nəzərə alınmaqla, qərar gecikmədən verilməlidir.
"Biz istəyirik ki, bu, indi edilsin, çünki sizə məlumat veriləcək proseslər gedir və onlar mümkün qədər tez qərar qəbul etməyi tələb edir", - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan Rusiya lideri Putinlə Qazax-İcevan, Arazdəyən (Yerasx)-Culfa-Naxçıvan dəmir yollarının bərpasını müzakirə etdiyini demişdi.