Modern.az

20 Yanvar: Qanlı faciədən Milli Dirçəlişə aparan yol

20 Yanvar: Qanlı faciədən Milli Dirçəlişə aparan yol

Ölkə

19 Yanvar 2026, 09:56

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən qanlı, həm də ən şərəfli səhifələrdən biri kimi qalmaqdadır. Bu hadisə təkcə dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın deyil, eyni zamanda, totalitar sovet rejiminin milli azadlıq hərəkatını boğmaq məqsədilə həyata keçirdiyi öncədən planlaşdırılmış insanlıq əleyhinə cinayət idi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini sındırmaq əvəzinə, müstəqilliyə gedən yolu daha da sürətləndirdi. Qanlı Yanvar hadisələrinə aparan proseslər 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması ilə başlamışdı. Artan gərginliyin qarşısını almaq əvəzinə, SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı hərbi gücdən istifadə etməyi seçdi. Bu seçim sovet imperiyasının mahiyyətini bir daha ifşa etdi. 1990-cı ilin yanvarında Bakıya və Azərbaycanın bir sıra rayonlarına 66 mindən artıq hərbçi yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK rəhbərliyi bilavasitə nəzarət edirdi. Fövqəladə vəziyyət elan edilmədən əvvəl qoşun hissələrinin şəhərə yeridilməsi, dinc əhaliyə ağır texnika və müxtəlif silahlardan atəş açılması bu əməliyyatın hüquq və humanizm prinsiplərinə tam zidd olduğunu göstərirdi. Yanvarın 19-dan 20-nə keçən gecə qadın, uşaq və qocalar da daxil olmaqla yüzlərlə günahsız insan qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiqi barədə rəsmi məlumat yalnız kütləvi qırğın törədildikdən sonra elan olundu. Nəticədə ümumilikdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, yüzlərlə insan qanunsuz həbs edildi, dövlət və şəxsi əmlaka böyük maddi ziyan vuruldu. 20 Yanvar hadisələri SSRİ-nin Azərbaycandakı bütün siyasi və mənəvi dayaqlarını sarsıtdı. Xalqın sovet rejiminə və Sov.İKP-yə olan inamı tamamilə məhv oldu. Minlərlə insan partiya sıralarını tərk etdi. Bu faciə göstərdi ki, sovet imperiyası artıq zor gücü ilə belə milli iradəni boğa bilmir. Faciəyə ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və insanlığa zidd cinayət kimi qiymətləndirdi. Bu mövqe o dövr üçün misilsiz siyasi cəsarət nümunəsi idi və Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisində, 1994-cü ilin martında isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Milli Məclisin qərarında bu hadisələr totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tanındı. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması, memorialların yaradılması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi bu ehtiramın bariz nümunələridir. Yanvarın 20-si hər il ümumxalq hüzn günü kimi qeyd olunur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib. Təqaüdlər, mənzil və avtomobillə təminat, reabilitasiya xidmətləri bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasətinin tərkib hissəsidir. 20 Yanvar təkcə kədər günü deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Həmin gün xalq öz azadlığı uğrunda ilk şəhidlərini verdi və müstəqillik yolunda geri dönüşü olmayan mərhələyə qədəm qoydu. Bu faciə milli kimliyin formalaşmasına, dünya azərbaycanlılarının təşkilatlanmasına güclü təkan verdi. Bu gün müstəqil, suveren Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin amalını gerçəkləşdirib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ildə suverenliyin tam bərpası bir daha sübut etdi ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb. Bu faciə Azərbaycan xalqının tarixində həm qanlı, həm də qürurverici bir mərhələdir. Bu hadisə xalqımızın azadlıq iradəsini, milli ləyaqətini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Zaman keçdikcə 20 Yanvarın tarixi əhəmiyyəti daha aydın görünür: bu gün müstəqil və qalib Azərbaycan dövləti həmin faciədən doğan milli iradənin təntənəsidir.


Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır