Modern.az

Azərbaycanda nazirlər milli geyimdə: çuxa, yoxsa kostyum...

Azərbaycanda nazirlər milli geyimdə: çuxa, yoxsa kostyum...

Ölkə

19 Yanvar 2026, 13:38

Orta Asiya ölkələrində - Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması dövlət səviyyəsində icra edilir.

Bunun təzahür formalarından biri milli geyimlərin cəmiyyətdə, iş həyatında təbliğ olunmasıdır.

Məsələn, Qazaxıstandakı "Novruznamə" ongünlüyü çərçivəsində qazax xalqı müxtəlif çağırışlar, sərgi və nümayişlər keçirməklə Milli Geyim Gününü qeyd edirlər.

Dövlət rəsmiləri isə hər cümə günü işə milli geyimdə gəlməyi bir ənənəyə çeviriblər.

Bəs Azərbaycanda da milli kimliyin qorunması üçün bu metod tətbiq oluna bilərmi? Məsələn, nazirlər və digər məmurlar, ya da deputatlar işə milli geyimdə gələ bilərlərmi?

Milli Məclisin üzvü Kamran Bayramov bunun real olub-olmaması barədə Modern.az-a danışıb.

O qeyd edib ki, Azərbaycanda belə bir ənənə mövcud deyil. Eyni zamanda iş yerində belə bir məhdudiyyət də yoxdur ki, mütləq rəsmi geyimdə olmaq, qalstukdan istifadə etmək lazımdır:

“Belə bir sual yaranır:

Bu təşəbbüsün əsas məqsədi nədir – milli mədəniyyətə hörmətin ifadəsidir, yoxsa vətənpərvərliyin nümayişi?

Şəxsi mövqeyim ondan ibarətdir ki, bu, hər bir şəxsin özəl seçimidir və qanunvericilik baxımından da buna hər hansı bir qadağa yoxdur. İstər vəzifəli şəxs, istərsə başqa mülki şəxlər istədiyi geyimi seçə bilər – bu məsələdə ümumi sərbəstlik mövcuddur.

Lakin praktikada bu cür hallar indiyədək müşahidə olunmayıb və buna görə də belə bir addım qeyri-adi qarşılana bilər. Hətta müəyyən hallarda narazılıq da yarada bilər.

Əsas prinsip ondan ibarətdir ki, geyim adət-ənənələrə, milli əxlaqa və rəsmi mühitin tələblərinə uyğun olmalıdır.

Rəsmi qurumlarda çalışan şəxslərin rəsmi geyimdə olması intizamın və işgüzar münasibətin göstəricisidir. Mövcud rəsmi geyim forması da bu baxımdan tam uyğun və məqbuldur.

Milli geyimlər isə əsasən bayramlar, xüsusi tədbirlər və rəsmi olmayan mərasimlər üçün daha məqsədəuyğundur.

Rəsmi tədbirlərdə milli geyimdən istifadə ölkə təcrübəsində formalaşmadığı üçün bu, cəmiyyətdə qeyri-adi hal kimi qəbul edilə bilər”.
 

Deputat Elnarə Akimova da deyib ki, milli geyimi məcburi hala salmağa ehtiyac yoxdur:

"Əlbəttə, milli geyim tariximizi və mədəni irsimizi yaşatmaq baxımından çox önəmlidir. Amma bunu həftədə bir dəfə məcburi hala salmağa ehtiyac yoxdur. Milli dəyərlərə bağlılıq təkcə geyimlə ölçülmür. Dövlətə və xalqa səmimi, məsuliyyətli xidmət göstərmək əsas meyardır və bunu klassik kostyumda da layiqincə etmək mümkündür.
Məncə, bu ənənə bizdə ildə bir dəfə tətbiq oluna bilər, məsələn milli bayramlar zamanı. Xüsusilə Novruz kimi bayramlarda dövlət rəsmilərinin milli geyimdə olması həm rəmzi, həm də mənəvi baxımdan çox yerində olar. Bu, milli dəyərlərə hörmətin gözəl ifadəsi kimi qəbul edilər.
Yəni balanslı yanaşma daha doğru olar: milli geyim — milli bayramlarda, milli ruhun ön plana çıxdığı günlərdə; gündəlik işdə isə peşəkarlıq və məsuliyyət əsas olmalıdır. Bu yanaşma həm ənənəyə hörmət, həm də müasir idarəçilik baxımından daha məntiqli görünür".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır