Lerik şəhər və kəndlərində hazırda yağan qar 70 sm-i keçib.
Bu barədə Modern.az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
Komissiya sədri bildirib ki, hazırda qarın yağması davam edir:
"Dağlıq ərazilərimizdə isə qarın hündürlüyü 1 metrdən çoxdur".
İcra başçısının müavini qeyd edib ki, rayonun ümumilikdə su və qaz təminatında heç bir problem yoxdur, lakin elektrik enerjisi ilə bağlı çətinliklər mövcuddur:
"Bərpa işləri davam etdirilir. 162 yaşayış məntəqədən 80-da enerji bərpa edilib. Yollarla bağlı vəziyyətə gəlincə, əsas magistral yollar tam açılıb. Yol təmizləmə işləri davam etdirilir və avtomobillərin hərəkətində ciddi problem yoxdur.
Hazırda kəndlərə gediş-gəliş qismən mümkündür, təcili tibbi yardım və zəruri xidmətlərin keçidi üçün yollar nəzarətdə saxlanılır".

