Güclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsində problemlər var.
80 saylı Lerik - Astara seçki dairəsinin deputatı Vasif Qafarov Modern.az-a açıqlamasından bildirib ki, hazırda Lerikdə qar intensiv şəkildə yağmağa davam edir. Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4 m-ə qədər çatır.
“Hava şəraiti ilə əlaqədar rayonun 80-dən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur. Elektrik enerjisinin bərpa olunması üçün Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin, o cümlədən Lerik Elektrik Şəbəkəsinin əməkdaşları işlərini davam etdirir”.
Deputat qeyd edib ki, Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Texnika çatışmazlığı səbəbindən kəndlərin əksəriyyətini rayon mərkəzi ilə əlaqələndirən yolların, eləcə də kəndara yolların qardan təmizlənməsində ciddi problemlər mövcuddur.





