Modern.az

"Avtomobilimiz atəşə tutuldu" - Deputatların 20 Yanvar xatirələri  

"Avtomobilimiz atəşə tutuldu" - Deputatların 20 Yanvar xatirələri  

Ölkə

20 Yanvar 2026, 17:54

Bu gün Azərbaycan cəmiyyəti 20 Yanvar faciəsinin ildönümünü dərin hüzn və ehtiramla xatırlayır. 36 il əvvəl azadlıq və dövlət müstəqilliyi naminə meydanlara çıxan insanlar ağır itkilər bahasına olsa da, iradələrindən geri çəkilmədilər. Həmin günlər yaşından, cinsindən aslıı olmayaraq hər kəs meydanlara axışır, Azərbaycanın müstəqilliyinin ilk addımlarını atırdılar. 

Onlar içərisində hazırda Milli Məclisdə təmsil olunan deputatlar da olub. 

Modern.az prosesin içində olan deputatlarla əlaqə saxlayaraq, həmin günü necə xatırladıqlarını öyrənib. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, proseslərin içərisində olublar:

“20 Yanvar proseslərinin içərisində olan bir şəxs kimi təhlükələri, ölüm riskini də yaşadığımızı söyləyə bilərəm. Mənimlə bərabər 4 nəfər Xalq Cəbhəsindən olan şəxsin içərisində olduğu avtomobil Sovet əsgərləri tərəfindən atəşə tutuldu, anında maşını geri verib uzaqlaşmasaydıq, yəqin ki, sağ qalmaq ehtimalımız az olardı. Bütün barrikadalarda vəziyyəti öyrənmək üçün orada idik. Gecə səhərə qədər də Milli Müdafiə Şurasının Qərargahında silah-sursatların təmizlənməsi, xarici informasiya agentliklərinə məlumatların verilməsi 10-a qədər tələbə dostumuzun üzərində idi. Biz birlikdə bu işləri gerçəkləşdirdik. Türkiyədən və başqa ölkələrdən gələn zənglərə cavab verib Bakıda baş verənlərlə bağlı onlara məlumat verirdik. Eyni zamanda Milli Müdafiə Qərargahını hansısa şəkildə zərərsizləşdirə bilmədilər. Səhər artıq gün açılanda oranı tərk etdik, gedib Bakı Dövlət Universitetini auditoriya-auditoriya gəzərək qrup yoldaşım Qoşqar Məmmədovla birlikdə bütün universiteti mitinqə çıxardıq. Universitetin qarşısında izdihamlı mitinq təşkil etdik. Allah ölənlərə rəhmət eləsin. Tələbə dostumuzun, vətənpərvər, duyğulu bir tanışımızın ölməsi məni üzdü. Daha sonra Yusif adında riyaziyyatçının dünyasını dəyişməsi kimi hallar acı, ağır, amma şəhidlik adına şərəfli hadisələrdir”. 

Deputat Arzuxan Əlizadə də həmin dövr hadisələrin aktiv iştirakçılarından biri olduğunu söyləyib:

“Tələbə vaxtından Milli Azadlıq Hərəkatına qoşulmuşduq. Proseslərin içərisində idik. 20 Yanvar gecəsi də yaxşı yadımdadır. O vaxt Lenin dairəsi adlanan indiki Sabunçu dairəsində Leninin də heykəli vardı. Bura dörd tərəfdən giriş vardı, həmin yolları bağlamışdıq. O zaman mən Sabunçuda yerləşən Maşınqayırma zavodunda Cəbhənin dayaq dəstəsinin sədri idim. Gənclərlə yolların bir hissəsini bağlamışdıq. Şəhərdə qoşun yeridildiyi ilə bağlı xəbərlər gəlmişdi. Gecə saat 2-yə yaxın bizim olduğumuz əraziyə qoşun yeridildi və bizə geri çəkilmə əmri verdilər. O zaman Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü Samit Bağırov gəlib xahiş etdi ki, çəkilək, çünki artıq şəhərdə qətliam var idi. Biz hesab edirdik ki, atılan güllələr rezin güllələrdir. Tanklarla gəlib başımızın üstündən atəş açdılar. Gecə saat 04:00-da evə çatmışdım, atam gəldi, çox həyəcanlı şəkildə gəlmişdi. Prosesin içərisində oldum. 22 yanvar şəhidlərimizin dəfn günü də yaxşı yadımdadır. Çox böyük faciə yaşadıq. O zaman bizə çox ağır gəlirdi. Əslində mən həmin günü qəhrəmanlıq salnaməsinin bir hissəsi kimi dəyərləndirirəm”.



Deputat Razi Nurullayev 20 Yanvar faciəsi baş verdiyi dövrdə Qazaxıstanda, əsgərlikdə olub:

“Həmin zaman Qazaxıstanda hərbi xidmətdə idim. Xəbəri eşidəndə azərbaycanlılar az qala üsyana qalxdılar. Mən də hərbi hissədə millətlərarası məsələlər üzrə bir vəzifə daşıyırdım. Sabahısı günü üç nəfər hərbi hissəni tərk edib Alma-Ata şəhərinə gəldik. Bir nəfərin əmisi orada yaşayırdı, o bizi iki gün qonaq saxladı və dedi ki, hərbi hissədən qaçmaq cinayətdir. Sizi tutacaqlar. O bizi geri hərbi hissəyə qaytardı. Hərbi hissədə bizi çox bərk döydülər və işgəncə verdilər. Bir nəfərə - o şəxslə indi də dostluq edirəm, Goranboydan idi, çox işgəncə etdilər. Onunla məni yerə yıxıb əl-qolumuzu bağladılar və “krovatın” ayaqlarını çıxarıb üstümüzə qoydular. Sonra üstümüzdə oturub yeyib-içdilər. Sabahısı günü bizi Sır-Dərya çayına aparıb toru verdilər əlimizə ki, balıq tutun. Az qala boğulurduq. Vallah, çox qorxmuşduq. Balıq tutduq, yedilər, sonra yazıqları gəldi, bizə də bir kiçik balıq verdilər. O zaman ağır dövrlər idi. Çox zülmlər çəkdik. Amma ad qoyduq”.

Deputat Aqil Abbas faciədən 1 gün əvvəl Bakıdan Ağdama silah daşıdığını deyib:

Yanvarın 19-u hazırlıq görmüşdüm ki, Ağdama silah-sursat, patron aparım. Həmin vaxt Məmməd Arazın evində yaşayırdım. O vaxt da evləri yoxlayırdılar. Dedim gəlib silahları tapsalar mənim halım pis olacaq. Zəng etdim ağdamlı uşaqlara, gəlib silah-sursatı yağ qutularına yığıb-apardılar. Həmin gün bilet alıb Ağdama getdim. 20 yanvar səhər 7-də Ağdama çatmışdım. Silah-sursatı Eldar Bağırovun batalyonuna verdim. Elə həmin vaxt xəbər eşitdim ki, belə hadisə olub. Heç kim Bakı ilə danışa bilmirdi. Eldar Bağırovun köməyi ilə poçtdan Bakıdakı evimizə bir də başqa dostuma zəng etdim. Xanımımla danışdım. Dostumla danışanda ətraflı öyrəndim nə olub-nə olmayıb. Eldar Bağırova da onunla danışdı. Ağdamda həmin vaxt deyirdilər ki, 3000-4000 adam ölüb. O gündən sonra oturdum taksiyə, gəldim Bakıya”.

Deputat Səyyad Aran İmişlidə qara bayraq asdıqlarını bildirib:

“Həmin gün İmişlidə idim. Hadisə bizə təxminən saat 10-da çatdı. Mən həmin vaxt rayonda maarif müdiri idim. İşçilərimiz çox böyük həyacanla, etiraz ruhu ilə ayağa qalxdılar. Elə həmin gün Maarif şöbəsinin üstündən qara bayraq asdıq. İnsanlar bir yerə toplaşdı, şüarlar deyirdilər, çox böyük həyacan var idi. Eyni zamanda başa düşmürdük ki, nə olub ki, millətin üstünə tankla gəliblər. Bu insanları hiddətləndi. Orta və cavan nəsil hadisələri gözləri ilə görmək üçün Bakıya getmək istəsələr də, mərkəzə gedə bilməmişdilər. Şəhərə çatmamış başqalarından məlumat öyrənib, gəlib bizə danışmışdılar”.

Deputat Aydın Hüseynov Sovet ordusunun üzərlərinə tank sürdükləri anı xatırlayıb:

“Bütün Bakı sakinləri kimi mən də həmin günü xatırlayıram. O vaxt komsomolda işləyirdim. İş yoldaşlarımla Salyan kazarmasının önünə gəldik. Gecə saat 12, 1-ə işləmiş hərbi hissədən birbaşa insanların üzərinə atəş açdı. Biz o zaman qaçıb indiki Tiblisi prospektində yerləşən idman sarayına sığına bildik. Bir çoxları həmin gecə bizim yanımızda şəhid oldu. Onların bir neçəsini "Semaşko" adlanan xəstəxanaya gətirdik. Həmin gecəni bütün dəhşəti, xırdalığı ilə xatırlayıram. Çox ağır və çətin idi. Ən nəhayətində Azərbaycan xalqının bu qorxu və təlaşının, ümidsizliyinin çırağı Ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyevin Moskvada keçirdiyi konfransın nəticəsində bu qırğın daha böyük əraziləri, - Naxçıvan, Gəncə, Lənkəranı,- əhatə etmədi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov tələbələr arasında təşviqat işləri apardığını qeyd edib:

"20 Yanvar qırğınının canlı şahidiyəm. Qırğın baş verməmiş, gündüz, - indiki Prezident administrasiyasının qabağında izdihamlı mitinq oldu. Mən də mitinqin iştirakçısı idim. Artıq hamımız əmin idik ki, Sovet ordusu Bakıya hücum edəcək. Ona görə də, bəzi insanlar qaranlıq düşəndə evlərinə çəkildilər, bəziləri isə şəhərin 4 tərəfində barrikadalar qurulan yerlərə getdilər. Biz də Bakı Dövlət Universitetinin müəllimləri olaraq tələbələr arasında təbliğat işləri aparırdıq. Axşam şəhərin hər yerində güllə səsləri gəlməyə başladı və məlum oldu ki, ordu şəhərə daxil olub. Şəhərin hər yerinə insanlar şəhid olub. Ona görə də, Bakı Dövlət Universitetinin müəllimlərinin böyük hissəsi "Semaşko" xəstəxanasına getdi. Mən də onlardan biri idim. Yaralanan xəstələrlə görüşdük. Xatirimdədir ki, imkanı olan, danışa bilən yaralılarla danışıb onlar haqqında məlumatlar topladıq. Həmin məlumatlar daha yuxarı şəxslərə çatdı. 20 Yanvar sovet dövlətinə olan inamın qırılan günü idi. Həmin gün anladıq ki, bu dövlətin tərkibində qalmaq mümkün deyil".
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır