2025-ci ildə Azərbaycanda adambaşına ərzaq məhsullarının istehlakı və qida təhlükəsizliyi məsələsi sosial rifahın əsas göstəricilərindən biri kimi diqqət mərkəzindədir. Qlobal inflyasiya, ərzaq qiymətlərində müşahidə olunan artımlar, eləcə də iqlim amilləri əhalinin gündəlik qida səbətinə birbaşa təsir göstərir. Xüsusilə ət, süd və süd məhsulları kimi əsas heyvandarlıq məhsullarının istehlak səviyyəsi və bu göstəricilərin əvvəlki illərlə müqayisəsi cəmiyyətin qidalanma keyfiyyətini əks etdirir. Şəhər və kənd yerləri arasında ərzaq məhsullarına çıxış və adambaşına istehlak fərqləri isə mövcud vəziyyətin daha dolğun təhlilini zəruri edir. Şəhərlərdə məhsul çeşidi geniş olsa da, qiymətlər istehlakı məhdudlaşdıra bilir, kənd yerlərində isə imkanlar bir qədər fərqli xarakter daşıyır. Bu baxımdan 2025-ci il üzrə adambaşına düşən qida istehlakının hansı səviyyədə formalaşdığı və vətəndaşların gündəlik ehtiyaclarını nə dərəcədə ödədiyi ətrafında suallar yaranır.
Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ötən il formalaşan istehlak meyllərini nəzərə alaraq adambaşına düşən istehlak həcmini belə şərh edib:
“2025-ci ilin əvvəlində müşahidə olunan sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, Azərbaycanda ərzaq məhsullarının adambaşına istehlakı ümumilikdə stabil, lakin struktur baxımından dəyişən səviyyədə qiymətləndirilə bilər. Əsas ərzaq qrupları üzrə (çörək və un məmulatları, kartof, şəkər və bitki yağları) istehlak hələ də gündəlik enerji tələbatını ödəmək üçün kifayət edir. Lakin daha keyfiyyətli və balanslı qidalanma baxımından, xüsusilə zülal və vitaminlə zəngin məhsullar üzrə istehlak ideal səviyyədən aşağı qalır. Bu səbəbdən mövcud göstəricilər fiziki tələbatı ödəsə də, sağlam qidalanma standartları baxımından hər kəs üçün yetərli hesab olunmur”.
İqtisadçı əlavə edib ki, heyvandarlıq məhsullarının adambaşına istehlakına gəldikdə, 2025-ci ildə əvvəlki illərlə müqayisədə kəskin artım müşahidə olunmur, bəzi məhsullar üzrə isə cüzi azalma hiss edilir:
“Xüsusilə qırmızı ətin istehlakı qiymət artımları fonunda daha çox məhdudlaşıb, əhali nisbətən ucuz alternativlərə, toyuq əti və yumurtaya üstünlük verir. Süd və süd məhsulları üzrə istehlak nisbətən sabit qalsa da, burada da keyfiyyətli məhsulların payı azalıb. Əsas səbəblər arasında inflyasiya, istehsal xərclərinin artması, idxaldan asılılıq və ailə büdcələrinin qeyri-ərzaq xərclərinə daha çox yönəlməsi dayanır”.
Onun sözlərinə görə, şəhər yerlərində yaşayan əhalinin ərzaq məhsullarına fiziki çıxışı ümumilikdə normal olaraq qiymətləndirilir:
“Bazar çeşidliliyi və ticarət şəbəkələrinin genişliyi bunu təmin edir. Lakin şəhərlərdə yüksək qiymətlər səbəbindən istehlak daha çox gəlir səviyyəsindən asılıdır. Kənd yerlərində isə bəzi məhsullara çıxış məhdud olsa da, şəxsi təsərrüfat hesabına süd, tərəvəz və qismən ət istehlakı təmin edilir. Buna baxmayaraq, kənd əhalisinin pul gəlirlərinin aşağı olması onların bazardan əlavə məhsul alma imkanlarını zəiflədir və istehlak daha dar çərçivədə formalaşır”.
Yekun olaraq A.Nəsirli vurğulayıb ki, ümumilikdə, 2025-ci ildə adambaşına düşən qida istehlakını əvvəlki illə müqayisədə təxminən 2 - 4 faiz civarında dəyişən, yəni ya çox cüzi artım, ya da real ifadədə sabit qalan səviyyədə səciyyələndirmək olar. İqtisadçının fikrincə, miqdar baxımından orta statistik vətəndaşın gündəlik qida istehlakı əsas ehtiyacları ödəyir, lakin keyfiyyət, müxtəliflik və balans baxımından hələ də risklər mövcuddur və bu, xüsusilə aztəminatlı ailələr üçün daha qabarıq hiss olunur.
Xatırladaq ki, sonuncu istehlak statistikasına əsasən, Azərbaycanda mal ətinin adambaşına istehlakı sabiq qalsa da, qoyun əti istehlakı azalıb, adambaşına düşən balıq və quş əti məhsullarının sayı isə əhəmiyyətli dərəcədə artıb.