Modern.az

Qanunsuz tapşırıqları icra edən marionet məmurlar... - deputatdan ETİRAZ

Qanunsuz tapşırıqları icra edən marionet məmurlar... - deputatdan ETİRAZ

Ölkə

22 Yanvar 2026, 14:28

Ötən ilin oktyabrında Balakən rayon icra hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən  əməliyyat keçirilib və həmin vaxt başçı olan İslam Rzayev saxlanılmışdı.

Bundan bir müddət sonra rayona Natiq Ağayev icra başçısı təyin olunub.

Ötən gün başçı tərəfindən icra hakimiyyətində bir sıra kadr dəyişiklikləri ilə bağlı qərar verilib.

Maraqlıdır ki, Natiq Ağayevin başçı təyin olunmasından sonra rayonda nələr dəyişib?

Modern.az bu suallara cavab almaq üçün Milli Məclisin Balakəndən seçilmiş deputatı Nəsib Məhəməliyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat bildirib ki, yeni başçı ilə artıq iki dəfə görüşü olub:

"Yeni təyin olunan icra başçısı ilə görüşmüşəm. İki dəfə görüşümüz olub .Birinci görüşümüz ümumi tədbirlərlə bağlı idi. İkinci dəfə isə hesabat yığıcağında iştirak etmişəm. 2025-ci ilin yekunlarına dair hesabatda ötən dövr ərzində görülən işlər, buraxılan nöqsanlar müzakir edilib və 2026-cı ildə rayonun qarşısında duran vəzifə və öhdəlikləri bağlı fikir mübadiləsi aparılıb. Məndə tam əminlik yaranıb ki, rayon yaxşı bir rəhbər əldə edib".

Balakənin deputatı yeni başçıdan sonra rayonda baş verən dəyişikliklərdən də danışıb:

"İlk gündən rayonda bəzi köhnədən miras qalmış neqativ proseslərin aradan qaldırılmasında, ağıllı, sistemli, mərhələli şəkildə iş görür.  Bu da əhali tərəfindən yüksək qiymətləndirilir. Bir neçə misal gətirə bilərəm. Əvvəlki başçının dövründə küçə ticarəti baş alıb gedirdi. Şəhərin hətta mərkəzi küçələrində belə xaotik vəziyyət var idi, şəhərin estetik görünüşünə, sanitariya normalarına uyğun olmayan primitiv, 90-cı illərin əvvəllərini xatırladan mühit vardı. Yeni icra başçısı kifayət qədər müsbət işlər gördü. Şəhər küçələrinin işıqlandırılması, elektrik təsərrüfatının sistemləşdirilməsi, infrasturuktun yeniləşdirilməsi və su təsərrüfatı ilə bağlı yaxşı işlər görür. Köhnədən qalmış, artıq özünü buraxmış, işi şəxsi mənada alqılayan, vəzifəsini maksimum saxlamaq xatirinə istənilən qanunsuz tapşırıqları icra edən marionet məmurlu kadrların təmizlənməsi istiqamətində işlər aparır ki, mən bunu müsbət qarşılayıram. Ən əsası da gəldiyi gündən bütün kəndlərdə, yaşayış məntəqələrində insanlarla görüşür, onları  problemləri ilə tanış olur və imkan daxilində onların həllinə nail olur. Rayon imkanları daxilində olmayan məsələlərdə təbii ki, mərkəzi icra strukturlarına müraciətlər edir. Bu, onun iş keyfiyyətlərinin müsbət olduğuna dəlalət edir. Yaxşı bir haldır ki, insanlar tərəfindən onun gördüyü işlər müsbət qəbul edilir. Hazırda rayondakı ab-hava çox müsbətdir, yeni başçı əhali tərəfindən birmənalı qəbul olunan rəhbər kadrdır. Sonda onu da demək istəyirəm ki, yeni başçı ilə münasibətlərimiz işçi qaydada olub və mənim rayonda bir neçə müddət işləmiş bir şəxs kimi, təbii  olaraq, öz baxışlarımı, mövqeyimi bildirməyim çox normaldır". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır