Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Modern.az xəbər verir ki, müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 11671 müraciətinə baxılıb.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin edilib.
Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.