Modern.az

"Fədək" və "Qədir Xum" restoranları qanunu pozur - MÖVQE

"Fədək" və "Qədir Xum" restoranları qanunu pozur - MÖVQE

Ölkə

22 Yanvar 2026, 15:58

Bakıdan regionlara gedən əsas yollarda yerləşən "Qədir Xum", "Fədək" kimi bəzi restoranlarda tətbiq olunan qaydalar son dövrlər cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olub. Belə ki, ailəli olmayan və ya ailə üzvləri ilə birlikdə gəlməyən, tək olan vətəndaşların, xüsusən də kişilərin restoranın müəyyən zallarında əyləşməsinə icazə verilmir, bununla bərabər, həmin şəxslərə istədikləri xidmət göstərilmir.

Lakin ictimai iaşə obyektləri hesab olunan restoranlarda vətəndaşların cinsi mənsubiyyətinə və ailə statusuna görə fərqləndirilməsi bir sıra ciddi suallar doğurur. Bundan əlavə, sözügedən yanaşmanın hüquqi, ictimai və dini baxımdan nə dərəcədə əsaslı olduğu da müzakirə predmetinə çevrilir.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, ictimai iaşə müəssisələrində onlara xidmət göstərilməsi əvəzinə  şəxslərin cinsi mənsubiyyətinə görə diskriminasiyaya məruz qalması qətiyyən yolverilməzdir.

“Bu kimi hallara qarşı müvafiq dövlət qurumları mütləq tədbir görməlidir. Heç bir halda, müəssisənin daxili qaydalarını pozmayan, etik və əxlaqi dəyərlərə zidd davranış nümayiş etdirməyən istənilən müştəriyə onun tək və ya bir neçə nəfər olmasından asılı olmayaraq normal, eləcə də bərabər münasibət göstərilməlidir.

Təbii ki, bəzi müəssisələr, xüsusilə dini yönümlü obyektlər öz fəaliyyət prinsiplərinə uyğun olaraq içki satmadıqlarını bildirə bilərlər. Bu, həmin müəssisənin seçimi, fəaliyyəti və brend siyasətidir və buna kimsə etiraz edilə bilməz. Əgər bir şəxs bu cür dini prinsiplərlə fəaliyyət göstərən müəssisədə spirtli içki tələb edirsə və ona xidmət göstərilmirsə, bu halda müəssisənin mövqeyi başadüşüləndir və hüquqi baxımdan əsaslıdır”.

Komitə sədri həmçinin vurğulayıb ki, ümumi qaydaları pozmayan, sadəcə yemək yeyib məkandan çıxmaq istəyən insanlara qarşı ayrı-seçkilik edilməsi qəbuledilməzdir:

“Həmin müəssisələrin qeydiyyatını aparan və lisenziya verən qurumlar tərəfindən ciddi xəbərdarlıqlar edilməli, zəruri hallarda inzibati tədbirlər görülməlidir”, - deyə F.Mustafa qeyd edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da cinsi mənsubiyyətə görə xidmət göstərilməsində heç bir fərq qoyula bilməyəcəyini təsdiqləyib:

“İstər hicablı, istər qeyri-hicablı, istər dindar, istərsə də qeyri-dindar olsun, adıçəkilən kateqoriyalar arasında xidmət baxımından hər hansı ayrı-seçkilik yolverilməzdir və birmənalı şəkildə qəbul edilməməlidir.

Əgər proses insanların etiqadına, dini mənsubiyyətinə və ya zahiri görünüşünə əsasən qurulursa, bu artıq ciddi suallar yaradan bir məsələdir. Belə yanaşma mövcuddursa, söhbət sadəcə fərqli konsepsiyadan yox, açıq şəkildə ayrı-seçkilikdən gedir. Amma əgər xidmət səviyyəsində, yer seçimində və münasibətdə heç bir fərq yoxdursa, o zaman məsələ başqa prizmadan dəyərləndirilməlidir.

Bu halda söhbət ondan gedir ki, həmin məkanlar dini baxımdan müəyyən prinsiplər əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycanda ailəvi formatda fəaliyyət göstərən, əsasən ailələr üçün nəzərdə tutulmuş restoranlar da mövcuddur və bu cür məkanlardan daha çox ailələr istifadə edir. Dini baxımdan da ailə anlayışı və ailə mühiti ilə bağlı müəyyən qaydalar mövcuddur və bu, şəriətdən irəli gələn yanaşmadır”.

C.Məmmədov həmçinin söyləyib ki, dindarlar üçün nəzərdə tutulan yerlərdə namaz qılmaq, ibadət etmək üçün şərait yaradılır və ora gələnlərin əksəriyyəti də məhz bu niyyətlə dini baxımdan uyğun mühitdə olmaq üçün gəlirlər:

“Əgər konsepsiya bu məqsəd üzərində qurulubsa, bu məqamın nəzərə alınması vacibdir.

Lakin proses elə bir mərhələyə çatırsa ki, dindarla qeyri-dindar arasında fərq qoyulur, xidmət və ya yer bölgüsü aparılır, bu artıq hüquqların pozulması deməkdir.

Mən ümumilikdə dindarla qeyri-dindarın qarşı-qarşıya qoyulmasının əleyhinəyəm. Cəmiyyət olaraq biz bir-birimizin inancına, düşüncəsinə və etiqadına hörmətlə yanaşmağı bacarmalıyıq. Bu qarşılıqlı hörmət olmadan nə ictimai harmoniya mümkündür, nə də müsbət nəticələr əldə etmək olar. Əks halda, bu cür yanaşmalar gələcəkdə cəmiyyət üçün ciddi problemlər yarada bilər”.

Deputat nəzərə çatdırıb ki, əsas prinsip aydın olmalı, heç bir ayrı-seçkilik olmadan, qarşılıqlı hörmət çərçivəsində yanaşma sərgilənməlidir:

“Ailəliklə gələn və ailəvi mühit istəyən dindar insanların bu tələbi başa düşüləndir. Amma bir daha vurğulayıram ki, əgər hər hansı formada ayrı-seçkilik baş verirsə, bu artıq qanuna ziddir, yolverilməzdir və heç bir halda qəbul edilə bilməz”,- deyə C.Məmmədov bildirib.

Məsələyə sosioloji nöqteyi-nəzərdən aydınlıq gətirən sosioloq Mail Yaqub isə hesab edir ki, insanlara qarşı bu cür yanaşmanın müxtəlif səbəbləri ola bilər.

“Əsas səbəb isə, təəssüf ki, bəzi insanların tək olduqları zaman və ya yalnız kişilərdən ibarət dost çevrəsində davranışlarına kifayət qədər nəzarət etməmələridir. Belə hallarda danışıq tərzi, işlətdikləri ifadələr və zarafatlar bəzən etik çərçivədən kənara çıxır.

Azərbaycan reallığında isə müşahidə olunur ki, kişilər qadınların olduğu məkanda, xüsusən də ailəli olduqları zaman öz davranışlarına daha çox nəzarət edirlər. Sanki ailə faktoru onlar üçün əlavə bir məsuliyyət və nəzarət mexanizmi yaradır”.

O eyni zamanda əlavə edib ki, bəzi hallarda subay insanların davranışları bu cür qərarların verilməsinə səbəb olur:

“Yəni bəzi müştərilər danışıq tərzinə, davranışlarına diqqət etmədikdə bu, digər ailələrin və ziyarətçilərin narahatlığına yol aça bilər.

Buradan isə başqa bir sual ortaya çıxır: bu vəziyyəti tənzimləmək üçün nə etmək lazımdır? Cavab ondan ibarətdir ki, subay insanlar da ailəli müştərilərin olduğu məkanlarda davranışlarına xüsusi diqqət yetirməli, etik çərçivədən kənara çıxmamalıdırlar”.

Sosioloqun fikrincə, sözügedən məsələnin həlli artıq təkcə restoranların deyil, bütövlükdə cəmiyyətin üzərinə düşür:

“Ziyalılar, cəmiyyətin nüfuzlu şəxsləri, fikrini ifadə edə bilən insanlar bu mövzular barədə mütəmadi şəkildə danışmalı, insanlara ictimai məkanlarda davranış mədəniyyətinin əhəmiyyətini izah etməlidirlər. Çünki hər kəsin səs tonu, danışıq tərzi və davranışı başqalarına əziyyət verməməli, heç kəsi incitməməlidir”,- deyə M.Yaqub bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır