Modern.az

Qeyri-rəsmi nikahlar artır - SƏBƏB

Qeyri-rəsmi nikahlar artır - SƏBƏB

Ölkə

23 Yanvar 2026, 12:16

Ailə institutu cəmiyyətin ən həssas və eyni zamanda ən dayanıqlı sütunlarından biri hesab olunur. Son illər isə aparılan müşahidələr onu göstərir ki, sosial-iqtisadi dəyişikliklər, həyat tempinin sürətlənməsi və fərdi gözləntilərin artması ailə münasibətlərinə də təsirsiz ötüşmür. Bu proseslərin fonunda boşanmaların sayında müşahidə olunan dəyişikliklər cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə peşə, həyat tərzi və psixoloji faktorların ailə sabitliyinə təsiri də diqqət çəkən məsələlər sırasında yer alır.

Modern.az-a açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, 2025-ci ildə Azərbaycanda boşanma hallarının əvvəlki illərlə müqayisədə cüzi şəkildə azaldığı müşahidə olunur. Onun fikrincə, azalma kəskin xarakter daşımır, daha çox stabilləşmə tendensiyası kimi qiymətləndirilə bilər. Mövcud vəziyyət ailə institutunda qısamüddətli balanslaşma mərhələsinə işarə edir.

Müsahibimiz boşanmaların sayında peşə və psixoloji faktorların rolu məsələsinə də aydınlıq gətirib:

“Boşanmalar konkret peşələrlə deyil, daha çox müəyyən iş rejimi və həyat tərzi ilə əlaqəli sahələrdə çalışanlar arasında müşahidə olunur. Davranış pozuntuları, məişət zorakılığı, narkotik və alkoqol asılılığı olan ailələrdə boşanma riski daha yüksəkdir. Təhsilli ailələrdə isə boşanmalara təsir edən əsas amillər ailə daxilində fikir müxtəlifliyinin qəbul edilməməsi, kənar müdaxilələr, qadının üzərinə düşən yükün artması və kişinin ailə öhdəliklərini tam yerinə yetirməməsi ilə bağlıdır. Eyni zamanda, qadının kişidən real imkanlarını aşan tələblər gözləməsi də münasibətlərdə gərginliyə səbəb ola bilər. Rol bölgüsündə dominantlığın avtokrat xarakter alması da ailədaxili konfliktləri dərinləşdirən faktorlardandır”.

Mehriban Zeynalova əlavə edib ki, ümumilikdə boşanmaların peşədən çox sosial mühit, münasibətlərin keyfiyyəti və ailədaxili ünsiyyətlə bağlı olduğu qənaətinə gəlmək mümkündür:

“Texnologiyaların həyatımıza sürətli inteqrasiyası da ailə münasibətlərinə təsirsiz ötüşmür və emosional yaxınlığın zəifləməsinə səbəb ola bilir.

Müəyyən sahələrdə boşanmaların daha çox yayılmasının sosial və psixoloji səbəbləri arasında iş-ailə balansının pozulması, xroniki stress, emosional tükənmə, maddi qeyri-sabitlik, borclanma təzyiqi, ailə daxilində rol konfliktləri və uzunmüddətli ayrı qalma mühüm yer tutur. Bundan əlavə, empati yorğunluğu, ailə dəstək şəbəkələrinin zəifləməsi və boşanmaya dair sosial istiqamətlərin nisbətən azalması da bu prosesə təsir göstərir. Qadınların iqtisadi müstəqilliyinin artması və hüquqi maariflənmənin yüksəlməsi isə münasibətlərdə dözümlülük həddini aşağı salan amillər sırasındadır.

Mövcud tendensiyalar boşanmaların gələcək dinamikasının bir neçə istiqamətdə inkişaf edə biləcəyini göstərir. Bir tərəfdən boşanmalar ümumilikdə stabilləşərək illər üzrə cüzi dalğalanmalarla davam edə bilər. Digər tərəfdən ailə-məsləhət və mediasiya xidmətlərinin güclənməsi, sosial dəstək mexanizmlərinin genişlənməsi fonunda tədricən azalma ehtimalı mövcuddur. Risk ssenarisində isə iqtisadi təzyiqlərin artması, yaşayış xərclərinin yüksəlməsi və psixoloji gərginliyin dərinləşməsi boşanmaların yenidən artım mərhələsinə keçməsinə səbəb ola bilər. Ümumi mənzərədə əsas məsələ boşanmalarda nisbi sabitliyin qorunmasıdır və bu, birbaşa sosial və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsindən asılıdır”.

Həmsöhbətimiz həmçinin vurğulayıb ki, əsas diqqət çəkən məqamlardan biri də qeyri-rəsmi münasibətlərin artmasıdır:

“Bu tendensiya boşanmaların statistik baxımdan görünməz qalmasına və ümumi mənzərədə sabitlik və ya azalma təsəvvürünün yaranmasına səbəb ola bilər. Mövcud iqtisadi qeyri-müəyyənlik fonunda dünyada baş verən böhranlar da boşanmaların azalmasına müəyyən mənada təsir göstərə bilər. Belə şəraitdə insanlar problemləri birgə həll etməyin daha məqsədəuyğun olduğu qənaətinə gələ bilərlər. Eyni zamanda, boşanma prosesinin əlavə xərclər və gözlənilməz maliyyə öhdəlikləri yaratması da bu qərarın təxirə salınmasına səbəb ola bilir”.

M.Zeynalova yekun olaraq bildirib ki, gələcək üçün ehtimal edilən tendensiyalardan biri də əlavə hüquqi və sosial öhdəliklərdən yayınmaq məqsədilə qeyri-rəsmi nikahların artım dinamikasının güclənməsidir:

“Bu hal ailə institutunun formal strukturlarında deyil, daha çox qeyri-rəsmi münasibətlər müstəvisində transformasiyaya uğradığını göstərir. Proqnozlardan biri də gələcəkdə əlavə öhdəliklərdən qaçmaq üçün hələlik qeyri-rəsmi nikahların artım dinamikasının mümkünlüyü görünür”,- deyə o söyləyib.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.

Statistik qiymətləndirmələr göstərir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır