Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Səyyad Aran "Azəriqaz"ın adını tənqid edib.
"Hansı ağıllı bu sözü yazıb? “Azəri” sözünün bizə dəxli yoxdur. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız?", - deyə o bildirib.
“Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azeri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”, - deputat əlavə edib.
Modern.az “Azəriqaz” adının təsis olunma tarixini araşdırıb.
Məlum olub ki, Nazirlər Kabinetinin ""Azəriqaz" Dövlət Şirkəti haqqında" qərarı Azərbaycanın ikinci Prezidenti mərhum Əbülfəz Elçibəyin dövründə qəbul edilib. Bu şirkətin nizamnaməsi isə həmin dövrdə Baş nazirin birinci müavini olmuş Vahid Əhmədovun imzası ilə təsdiqlənib.
Vahid Əhmədov saytımıza açıqlamasında bildirib ki, "Azəriqaz" adındakı "i" hərfi heç nəyi dəyişmir:
“Milli Məclisdə kifayət qədər müzakirə edilə biləcək məsələlər var. O məsələləri müzakirə etmək lazımdır, nəinki "Azəriqaz"ın adını. İkincisi, Səyyad Aran kifayət qədər dövlət vəzifəsində işləmiş şəxsdir. Burada bir hərfdən söhbət gedir? O hərf heç nəyi dəyişmir. Orada "Azəriqaz" və ya "Azərqaz" yazılanda heç nə dəyişmir. Əsas odur ki, "Azəriqaz" bu dövlətə xeyir versin. Bu barədə düşünmək lazımdır. Dövlət şirkətinə "Azəriqaz" adını veriləndə bu məsələ Nazirlər Kabinetinə gələnə qədər kifayət qədər orqanlardan keçib, imzalar yığılıb, müzakirələr gedib və sonda bizə çatıb. Burada qeyri-adi bir şey görmürəm”.
Sabiq deputat onu da bildirib ki, millət vəklinin bu cür pafoslu çıxışı doğru deyil:
“Dövlət başçımız dillə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük çıxış etdi. Azərbaycan dilində də bütün dillərdə olduğu kimi qüsurlar var və zaman-zaman bunun üzərində işlənilir. Amma millət vəkilinin “azəri” anlayışını belə pafosla qeyd etməsi mənə görə doğru deyil, buna ehtiyac yoxdur. Bizim kənarda kifayət qədər düşmənimiz var, daxildə düşmən axtarmamalıyıq. “Azər”, “Azəri” ifadələri kifayət qədər normal ifadələrdir. Ola bilər ki, "Azəriqaz" şirkəti ilə bağlı müəyyən problemlər var, amma bunun “Azəriqaz” sözü ilə heç bir əlaqəsi yoxdur. Yaxşı olar ki, millət vəkilləri dünyada gedən proseslərlə məşğul olsunlar”.
“Milli Məclisdə dilçi alimlərimiz də var, yaxşı olardı ki, Səyyad Aranın dediklərinə dilçilər cavab verərdi ki, bu fikirlər Azərbaycan dövlətinə nə qazandırır?” - deyə Vahid Əhmədov sonda vurğulayıb.