2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.
Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.
Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
Onun sözlərinə görə, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7%-nin açılması təmin edilib.
Qeyd olunub ki, hesabat ilində hərbi xidmət əleyhinə cinayətlərin sayı 21.3 % azalıb.
2025-ci ildə Hərbi Prokurorluq üzrə “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.
2025-ci ildə Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
Hesabat dövründə Hərbi Prokurorluq orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.
Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına Baş prokuror Kamran Əliyev yekun vurub.