Bu gün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilir.
Modern.az xəbər verir ki, bu barədə AVP sədri Fəzail Ağamalı məlumat yayıb.
Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib.
Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb.
Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədən kənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.
Bu gün keçirilən qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir. (Mənbə: APA)