Bakı şəhəri, yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri - legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.
Bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı bildirib.
O qeyd edib ki, bu gün keçirilən qurultay qeyri-legitimdir və çoxsaylı hüquq pozuntuları ilə keçirilir:
“Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra Ədliyyə Nazirliyinə etdiyi müraciətə Nazirlik tərəfindən qurultayın gedişatının mübahisəli olmasını əsas gətirərək müsbət cavab verməyib. Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb. Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4/3-ü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib. Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur”.
Elçin Ağamalı partiyasının rayon təşkilatlarının sədrlərinin məhkəməyə müraciət edəcəklərini bildirib.
"Rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütamadi açıqlamalar veriləcək” - deyə o sonda qeyd edib.