Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmə arasındakı səlahiyyət bölgüsü Azərbaycan məhkəmə sisteminin ən həssas və eyni zamanda müəyyən mənada mübahisə doğuran məsələlərindən biridir. Bu bölgü formal olaraq qanunvericilikdə müəyyən edilsə də, praktikada onların funksional sərhədləri hər zaman aydın görünmür. Xüsusilə Konstitusiyanın ali hüquqi qüvvəyə malik olması prinsipi ilə məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik tələbi arasında tarazlıq məsələsi bu iki məhkəmə instansiyasının rolunu bir-birinə yaxınlaşdırır, bəzi hallarda isə toqquşdurur.
Bir tərəfdən Konstitusiya Məhkəməsi normativ hüquqi aktların, habelə məhkəmə aktlarının Konstitusiyaya uyğunluğunu qiymətləndirən orqan kimi çıxış edir və Konstitusiyanın rəsmi şərhi onun müstəsna səlahiyyəti sayılır. Digər tərəfdən isə, Ali Məhkəmə kassasiya instansiyası olaraq maddi və prosessual hüququn düzgün tətbiqinə nəzarət edir, məhkəmə təcrübəsini ümumiləşdirir və hüququn vahid tətbiqini təmin etməyə çalışır.
Bu kontekstdə maraqlı bir neçə sual meydana çıxır. Ali məhkəmə və konstitusiya məhkəməsi arasında səlahiyyət bölgüsü necə bölüşdürülür? Habelə, hansı hüquqi məsələlər üzrə son söz Konstitusiya Məhkəməsinə, hansı məsələlər üzrə isə Ali Məhkəməyə məxsusdur və bu sərhəd qanunvericiliklə necə müəyyən edilir?
Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan hüquq sistemində Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmə arasında səlahiyyət bölgüsü iyerarxiya prinsipi əsasında deyil, funksional fərqlilik prinsipinə əsaslanır.
“Ali Məhkəmə ümumi məhkəmə sisteminin ən yüksək instansiyası kimi maddi və prosessual hüququn düzgün və vahid tətbiqinə nəzarət edir, məhkəmə səhvlərinin aradan qaldırılmasını və məhkəmə təcrübəsinin sabitliyini təmin edir.
Konstitusiya Məhkəməsi isə normativ hüquqi aktların və məhkəmə qərarlarının Konstitusiyaya uyğunluğunu qiymətləndirən xüsusi konstitusion nəzarət orqanıdır. Bu səlahiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlarda aydın şəkildə təsbit olunmuşdur. Belə ki, birinci qanunda ümumi məhkəmə sisteminin, o cümlədən Ali Məhkəmənin səlahiyyətləri müəyyən edilir, ikinci qanunda isə Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyət dairəsi dəqiq şəkildə göstərilir”.
Hüquqşünas həmçinin vurğulayıb ki, hansı hüquqi məsələlərin Ali Məhkəməyə, hansılarının isə Konstitusiya Məhkəməsinə aid olması məsələsinə gəldikdə, maddi və prosessual hüququn tətbiqi, məhkəmə səhvlərinin aradan qaldırılması və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi Ali Məhkəmənin səlahiyyətinə daxildir:
“Buna qarşılıq olaraq, Konstitusiyanın şərhi, qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması, eləcə də məhkəmə qərarlarının konstitusion hüquq və azadlıqlara təsirinin qiymətləndirilməsi yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir.
Başqa sözlə, hüquqi mübahisə qanunun necə tətbiq olunması mərhələsindədirsə, yekun söz Ali Məhkəmənindir. Əgər mübahisə Konstitusiyanın pozulub-pozulmaması ilə bağlıdırsa, bu məsələ artıq Konstitusiya Məhkəməsinin səlahiyyət dairəsinə daxildir”.
O eyni zamanda bildirib ki, məhkəmə aktlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması müstəsna olaraq Konstitusiya Məhkəməsinin səlahiyyətidir:
“Ali Məhkəmə qərar qəbul edərkən Konstitusiyanın müddəalarına və prinsiplərinə istinad edə və onları tətbiq edə bilər, lakin məhkəmə aktını Konstitusiyaya zidd elan etmək və hüquqi nəticə doğuran konstitusion qərar vermək hüququna malik deyil. Bu yanaşma konstitusion nəzarətin mərkəzləşdirilmiş modelinin əsas tələbi olmaqla yanaşı, hüquqi sabitliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Ali Məhkəmənin məhkəmə təcrübəsini ümumiləşdirən Plenum qərarları Konstitusiyanın deyil, qanunların tətbiqinin izahına xidmət edir və məhkəmələr üçün metodiki istiqamət rolunu oynayır. Bu qərarlar Konstitusiyanın rəsmi və məcburi şərhi hesab edilə bilməz. Konstitusiyanın hüquqi baxımdan xüsusi statusa malik olan rəsmi şərhi yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə verilib”.
Hüquqşünas onu da əlavə edib ki, fərdi konstitusiya şikayəti mexanizmi Konstitusiya Məhkəməsini birbaşa insan hüquqlarının müdafiəsi mövqeyinə gətirir:
“Bu mexanizm vasitəsilə vətəndaş Ali Məhkəmənin və ya digər məhkəmələrin qərarlarının onun konstitusion hüquq və azadlıqlarını pozduğunu iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Bu, Ali Məhkəmənin rolunu zəiflətmir, əksinə, məhkəmə sistemində son konstitusion filtri formalaşdıraraq insan hüquqlarının müdafiəsini gücləndirir.
Əgər Ali Məhkəmənin qərarı Konstitusiyaya zidd hüquqi nəticə doğurarsa, bu ziddiyyətin aradan qaldırılması artıq Ali Məhkəmənin nəzarət çərçivəsindən çıxır və konstitusion nəzarət müstəvisinə keçir. Konstitusiya Məhkəməsi müvafiq normanın və ya məhkəmə aktının Konstitusiyaya uyğunluğunu qiymətləndirir və zəruri hallarda hüquqi nəticələrin yenidən formalaşdırılmasına şərait yaradır”.
Ə.Nuriyev öncəliklə qeyd edilən məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsinin vacibliyinə də diqqət çəkib:
“Belə ki, Konstitusiya Məhkəməsi özü birbaşa bu və ya digər normativ hüquqi aktların, eləcə də məhkəmə qərarlarının Konstitusiyaya uyğunluğunu öz təşəbbüsü ilə yoxlaya bilmək hüququna malik deyil. Bu yoxlama yalnız Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş səlahiyyətli subyektlərin müraciəti əsasında həyata keçirilir.
Nəticə etibarilə söyləyə bilərik ki, Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmə arasında münasibətlər “yuxarı-aşağı” və ya “üst-alt” xarakteri daşımır. Bu münasibətlər hüquqi dövlət üçün zəruri olan konstitusion nəzarət ilə məhkəmə ədaləti arasında tarazlığı ifadə edir.
Bu balans qorunduğu müddətdə həm Konstitusiyanın ali hüquqi qüvvəsi, habelə məhkəmə hakimiyyətinin legitimliyi təmin olunmuş olur”,- deyə hüquqşünas fikrini tamamlayıb.