Azərbaycanın Qəbələ rayonunda yerləşən Qəbələ Radiolokasiya Stansiyası (RLS) 1985–2012-ci illər ərzində fəaliyyət göstərib. “Daryal” tipli bu stansiya SSRİ dövründə raket hücumu barədə erkən xəbərdarlıq sisteminin əsas elementlərindən biri olub və 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa imkan verib.
Müstəqillikdən sonra 2002–2012-ci illərdə Rusiyaya icarəyə verilib. Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılan və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisindən hələ ki istifadə olunmur.
Qəbələ Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə hal-hazırda Qəbələ RLS İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin balansındadır:
“Stansiyanın bütünlükdə daimi mühafizəsi təşkil olunur. Obyektin ətrafında 5 km-ə qədər yaşayış yoxdur. Hal-hazırda stansiyanın ərazisi yalnız mühafizə olunan zonadır. Hər hansı başqa fəaliyyət yoxdur".
İcra Hakimiyyətindən qeyd olunub ki, 1980-1990-cı illərdə sözügedən yerdə xidmət etmiş hərbçilər ən yaxın hərbi şəhərcikdə yaşayıblar və hazırda həmin hərbi şəhərcikdə yaşayış mövcuddur,sakinlər var”.
İqtisadiyyat Nazirliyindən saytımıza faktı təsdiq edərək bildiriblər ki, bütün digər istifadə olunmayan tikililər kimi "Qəbələ RLS-də Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır.