Elə qəhrəmanlarımız var ki, müharibənin ən ağır, ən dəhşətli günlərindən keçərək adlarını tarixə yazıblar. Onlardan biri də hər kəsin tanıdığı Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi döyüşçü Natiq Qasımovdur. O qəhrəmanımız ki, üzərində Azərbaycan bayrağı sancılmış məbəddə beş gün ac-susuz düşmənə müqavimət göstərmiş, geri çəkilməmişdi...
Modern.az saytı Vətən yolunda canından keçən qəhrəmanların əziz xatirəsini yaşatmaq üçün “Şəhiddən qalan son foto” rubrikasını davam etdirir. Budəfəki təqdimatımız Milli Qəhrəman Natiq Səlim oğlu Qasımova həsr olunub.

24 fevral 1992-ci il
Şəhidin qardaşı Nofəl Qasımovun sözlərinə görə, bu, Natiqin cəbhəyə yollanmazdan öncə çəkilmiş ən son şəklidir.
“Bu fotonu ayın 24-də çəkdirdi və elə oradan birbaşa Qarabağa yola düşdü. Natiq müharibəyə gedəndən sonra şəkli mən gedib götürdüm. Az bir müddət sonra isə onun itkin düşməsi xəbəri gəldi”.
Bu fotonu daha da təsirli edən məqamlardan biri onun Natiqin sevdiyi qızla birlikdə çəkilməsidir. Qardaşının dediyinə görə, bu şəkildə qəhrəmanın sevdiyi qızın qolu da əks olunub.
Həmsöhbətimiz bildirir ki, Xocalı faciəsi Natiqin həyatında dönüş nöqtəsi olub.
“Faciədən bir neçə gün sonra evdə tapılan məktubdan məlum oldu ki, o, Yaqub Rzayevin rəhbərlik etdiyi “Qarabağ şahinləri” dəstəsinə qoşulub. Bizə ünvanladığı məktublarda yazırdı ki, Qarabağda xalqımız qırıldığı, ana-bacılarımızın namusu tapdandığı bir vaxtda evdə rahat otura bilməz. O, cəbhəyə yollanmağa qərarlı idi. Lakin Natiq sanki geri dönməyəcəyini də hiss edirmiş. Yəqin sevdiyi qızla birlikdə bu xatirə fotosunu çəkdirməsi də ondan irəli gəlir”.
Bütün bunlarla yanaşı, italyan əsilli fotoqraf Enriko Sarzini özü də bilmədən sonralar Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə alıb. Şəkillərdən birində Natiq erməni yaraqlılarının müşayiəti ilə üçrəngli bayrağı aparır. Həmin şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun yazdığı "Qorxu" sərlövhəli məqalədə verilib. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı təsvir olunub.
Natiq Səlim oğlu Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində dünyaya göz açıb. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında isə kinomexanik işləyib. Hərbi xidmətini Rusiyanın Krasnoyarsk vilayətindəki Daxili Qoşunlarda keçib.
1991-ci ildə ordudan tərxis olunduqdan sonra cəmi 20 gün ailəsinin yanında qalıb və könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. “Qarabağ şahinləri” batalyonunun tərkibində bir neçə ağır döyüşdə iştirak edib, yurdsevərliyi və mehribanlığı ilə silahdaşlarının xüsusi rəğbətini və hörmətini qazanıb.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Hazırda Mingəçevirdəki Şəhidlər xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.