Modern.az

Azərbaycanlı tələbə necə saxlanılıb? - Amerikadakı qalmaqalla bağlı yeni DETALLAR

Azərbaycanlı tələbə necə saxlanılıb? - Amerikadakı qalmaqalla bağlı yeni DETALLAR

Ölkə

Bu gün, 19:45

ABŞ-da Kolumbiya Universitetinin azərbaycanlı tələbəsi Elmina Ağayevanın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən saxlanılması ölkədə geniş rezonans doğurub.

Modern.az-ın məlumatına görə, hadisə ilə bağlı bir sıra yeni detallar açıqlanıb.

Məlumata görə, Elmina Ağayeva səhər saat 6 radələrində universitet kampusunun yaşayış binasında saxlanılıb. ABŞ mətbuatının yazdığına görə, ICE əməkdaşları binaya daxil olarkən özlərini “itkin düşmüş beş yaşlı qızı axtaran polis əməkdaşları” kimi təqdim ediblər. Onların müşahidə kameralarında həmin uşağın fotosu ilə göründüyü bildirilir. Daha sonra eyni bəhanə ilə tələbənin otağına yönəldikləri iddia olunur.

Kolumbiya Universitetinin prezidenti Kler Şipman bildirib ki, agentlər binaya məhkəmə orderi olmadan daxil olublar. Universitetin ictimai təhlükəsizlik xidməti əməkdaşlarının onlardan order tələb etdiyi, lakin sənəd təqdim olunmadığı və rəhbərliklə əlaqə yaratmaq üçün vaxt istənildiyi halda buna imkan verilmədiyi vurğulanıb. Şipman qeyd edib ki, başqa qurumun əməkdaşı kimi təqdim olunaraq binaya daxil olmaq protokol pozuntusudur və qəbuledilməzdir. Onun sözlərinə görə, universitet ərazisindəki binalara giriş üçün mütləq məhkəmə qərarı və ya rəsmi çağırış sənədi tələb olunur.

Hadisə Nyu-Yorkda demokrat siyasətçilərin və yerli rəsmilərin sərt reaksiyasına səbəb olub. Manhetten dairəsinin nümayəndəsi Bred Hoylman-Siqal bildirib ki, ICE əməkdaşları qəsdən kampus təhlükəsizlik xidmətini çaşdıraraq tələbənin mənzilinə daxil olublar və bu, ciddi vətəndaş hüquqları pozuntusudur. Nyu-York Şəhər Şurasının sədri Culi Menin isə ICE-in məktəb və universitetlərdə əməliyyat keçirməsinin cəmiyyətdə qorxu və etimadsızlıq yaratdığını deyib.

Ştatın qubernatoru Keti Hokul saxlanmanı kəskin tənqid edərək ICE-in məktəblər, universitetlər və yataqxanalar kimi “həssas məkanlarda” əməliyyat keçirməsini qadağan edən qanun layihəsi təklif etdiyini açıqlayıb və sənədin təcili qəbuluna çağırıb. Senatda demokratların lideri Çak Şumer də həbsi “qəbuledilməz” adlandırıb.

Məsələ fevralın 26-da Nyu-York meri Zöhran Məmdaninin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə qaldırılıb. Mer mənzil əlçatanlığı proqramının müzakirəsi üçün nəzərdə tutulan görüşdə dörd saxlanılan miqrantın, o cümlədən Elmina Ağayevanın işini gündəmə gətirib. Məlumata görə, Tramp müraciəti qəbul edib və həmin şəxslərin azadlığa buraxılması barədə göstəriş verib.

Rəsmi qurumlar Elmina Ağayevanın saxlanma səbəbi və immiqrasiya statusu barədə detallı açıqlama verməyib. Universitet rəhbərliyi məxfilik prinsiplərinə istinad edərək bu məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, Elmina Ağayeva sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə tanınır. O, tələbə həyatı və ABŞ-da təhsil təcrübəsi ilə bağlı videolar paylaşır və TikTok platformasında 113 mindən, instaqramda isə 107 mindən çox izləyiciyə malikdir. Saxlanılarkən onun sosial şəbəkədə “ICE məni qanunsuz saxladı, xahiş edirəm kömək edin” məzmunlu paylaşım etdiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var