Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynli barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.