Modern.az

Səhərə qədər yata bilməmişəmMəşhur ziyalılardan İrana ETİRAZ

Səhərə qədər yata bilməmişəm - Məşhur ziyalılardan İrana ETİRAZ

Ölkə

6 Mart 2026, 15:52

Martın 5-də İran tərəfindən Naxçıvana 4 dronla hücum həyata keçirilib. Hücum zamanı dronlar Naxçıvan Beynəlxalq Aeroportu və Babək rayonu Şəkərabad kəndindəki məktəbin yaxınlığına düşüb. Bir dron isə Azərbaycan Müdafiə Nazirliyinin bölmələri tərəfindən zərərsizləşdirilib. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Baş verənlər fonunda Azərbaycan və İran arasında münasibətlər yenidən kəskinləşib. Münasibətlərdəki gərginlik həm də mədəniyyət sahəsinə təsir edə bilər. 

Modern.az mövzuya uyğun olaraq Azərbaycan Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlar İttifaqının sədirləri ilə həmsöhbət olub. 

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, Azərbaycan Prezidentinin hadisədən bir gün əvvəl İran səfirliyinə gedərək başsağlığı verməsi alqışlanmalı haldır, lakin ertəsi gün qarşı tərəfin xoşagəlməz addım atması təəssüf doğurur:

“Təbii ki, bütün Azərbaycan xalqı kimi mən də çox narahatam. İnanmaq çox çətindir. İranda 35 milyon azərbaycanlı yaşayır. Qonşu ölkədən həmlə görmək bizi hiddətləndirir. Hər şey araşdırılmalı və doğru çıxış yolu tapılmalıdır.

Mən indiyədək İrana getməmişəm, amma İrandan çox tələbələrimiz olub.

Tələbələr arasında gənclərin Azərbaycana münasibəti çox gözəl olub. Hətta bir neçə iranlı gənc Azərbaycan Milli Konservatoriyasındakı bəstəkarlıq dərslərimizdə iştirak edir. Həmişə onlarla əlaqə saxlayıram, Bəstəkarlar İttifaqına dəvət edirəm, gəlirlər. Hətta onların ikisi İttifaqın üzvüdür. Təəssüf ki, sonradan ABŞ-yə köçdülər, buna baxmayaraq bizim əlaqələrimiz qalır, onlarla danışırıq”. 

F.Əlizadə bildirib ki, iranlı bəstəkarların Azərbaycana münasibəti həmişə yaxşı olub:

“Dəfələrlə İpək Yolu Festivalına İrandan ansambl dəvət etmişik, onlar da çox yaxşı çıxış ediblər. Münasibətlər çox gözəl idi. Mən görürdüm ki, onlar Azərbaycana gəlmək, bizimlə ünsiyyətdə olmaq üçün can atırlar”. 

“İranlıları həmişə dərslərimizə cəlb etmişik, açıq dərslər keçirəndə də dəvət etmişik. İran xalqı həmişə hiss edib ki, Azərbaycanın onlara çox gözəl münasibəti var. Bu münasibətlər pozulsun deyə belə addımlar atıblar. Mən səhərə qədər yata bilməmişəm. Amma bir yol tapılacaq və Azərbaycan xalqı həmişə birliyini qoruyacaq”- o sonda qeyd edib. 

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd edib ki, iranlı həmkarları ilə Bakıda tez-tez bir araya gəliblər:

“İranla əlaqələrimiz çox yaxşı olub. Onlar Bakıda "Xəzər Biennalesi"ndə iştirak ediblər. Bizim rəssamlar da onların biennalesində iştirak ediblər. Əlaqələrimiz təbii olaraq var idi. Bugünkü proseslər isə hamımızı çaşdırıb”.

“Bütün diqqət bu gün İlham Əliyevdədir və biz inanırıq ki, o bu vəziyyətdən başıuca çıxacaq. Dron hücumlarının kimlər tərəfindən edildiyi təsdiq edilməlidir. Bu gün İranda hakimiyyətdə kimlərin olduğu məlum deyil. Amma tarix boyu İranın Azərbaycana münasibəti birmənalı olmayıb. Bu məsələ ciddi araşdırılmalıdır”, – deyə Fərhad Xəlilov qeyd edib. 

O qeyd edib ki, Rəssamlar İttifaqına üzv olan iranlı yoxdur:

“Lakin 20 il əvvəl bir iranlı Bakıda sərgi açmışdı, Heydər Əliyevin portretini çəkmişdi, daha sonra onu Ulu öndərə hədiyyə etmişdi. O hazırda da Bakıda işləyir. Daha sonra bir neçə iranlı rəssam da Azərbaycana gəlmişdi, amma İttifaqımıza üzv olmaq meyilləri yox idi”. 

Yazıçılar Birliyinin sədri Anar Rzayev isə bildirib ki, AYB-nin fəxri üzvləri arasında iranlı vətəndaşlar var:

“İranın Azərbayacana hücumu namərdcəsinədir. Biz onlarla yaxşı münasibət qurmaq istəyirik, onlar isə bizə qarşı ciddi təxribata əl atırlar. Bunu kim edibsə, cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalıdır. İranlı yazıçılarla münasibətimiz isə normal olaraq qalır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada