Modern.az

Rövşən Əliyev - 60 - Alicənablığın və dostluğun yaşı yoxdur

Rövşən Əliyev - 60 - Alicənablığın və dostluğun yaşı yoxdur

Ölkə

6 Mart 2026, 16:06

Bəzən insanın yaşı onun ömür yolunun uzunluğu ilə deyil, yol boyu neçə ürəyə toxunduğu ilə ölçülür. Haqqında söhbət açdığım Rövşən Əliyev də məhz bu qəbildən olan insanlardandır. Onun yola saldığı  60 il sadəcə, zaman vahidi deyil-xeyirxahlığın, etibarın, sədaqətin və insanpərvərliyin toplanmış mənəvi yüküdür.

Qısa tanışlıq: Əliyev Rövşən Əlipaşa oğlu 1966-cı il martın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1973-1983-cü illərdə Bakıdakı 53 saylı orta məktəbdə təhsil alıb. 1983-cü ildə Azəbaycan Politexnik İnstitutuna qəbul olunub və 1991-ci ildə oranı bitirib. İkinci kursda hərbi xidmətə çağırılıb, 1985-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən AzQAC-də çalışır. Mətbuat katibi, AzQAC prezidentinin müşaviri, Aparatın rəhbəri kimi vəzifələr icra edib. Hazırda vitse-prezident kimi məsuliyyətli bir vəzifə daşıyır. "Qızıl Qələm” media mükafatı laureatıdır. Bir çox məqalələrin müəllifi, bir neçə kitabın redaktorudur. Humanitar sahədə səmərəli fəaliyyətinə görə, 2015-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun təqdimatı əsasında ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bu, həm respublika, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi tərəfindən Rövşən Əliyevin səmərəli işinə verilən qiymətin bariz nümunəsidir.

Elə bu yerdə bir haşiyə çıxmaq istəyirəm: Rövşən müəllimin atası Əlipaşa Əliyev uzun illər Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) fəlsəfə kafedrasının professoru olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti kimi Rövşən müəllim ictimai fəaliyyətin ön cəbhəsindədir. Amma onu fərqləndirən yalnız tutduğu vəzifə deyil. Onu tanıyan hər kəs yaxşı bilir ki, Rövşən Əliyev üçün vəzifə heç vaxt insanlıqdan üstün olmayıb. O, ehtiyacı olanı rütbəsinə, statusuna görə deyil, sadəcə, insan olduğu üçan anlayanlardandır.

Alicənablıq onun xarakterinin əsas cizgisidir. Bu alicənablıq  səs-küylü deyil, nümayişkaranə də deyil. Elə bir alicənablıqdır ki, insan onun yanında özünü rahat hiss edir, dəyərili olduğunu anlayır. Bəzən bir baxışı, bəzən bir sözü ilə qarşısındakına güvən verir.

Rövşən müəllimin şəxsiyyətində ailə tərbiyəsinin, genetik yaddaşın böyük rolu var. Professor, filosof bir atanın oğlu olmaq sadəcə, fəxarət deyil, həm də məsuliyyətdir. Bu məsuliyyət Rövşən Əliyevin düşüncə tərzində, davranışında, insanlara yanaşmasında açıq-aydın hiss olunur. Onun söhbətində dərinlik var, amma bu dərinlik ağır deyil, əksinə, insana düşünmək zövqü verir.

Onu fərqli edən daha bir xüsusiyyət isə dostluğa verdiyi dəyərdir. Rövşən Əliyev yaxşı dostdur - etibarlı, sadiq, çətin gündə səsi gələn, yaxşı gündə kölgədə qalmağı bacaran dost. Dostluq onun üçün sadəcə, münasibət forması yox, həyat mövqeyidir. Ona görə də ətrafında dostları çoxdur və bu dostluqlar illərin sınağından keçib.

Dostcanlılığı onun təbiətindən gəlir. Yeni tanış olduğu insana da köhnə dost kimi yanaşmağı bacarır. Səmimiyyəti süni deyil, öyrədilmiş deyil - içdən gələndir. Bəlkə də elə buna görədir ki, onunla ünsiyyət insanı yormur, əksinə ruhlandırır.

Rövşən Əliyevin şəxsiyyətində diqqəti cəlb edən əsas cəhət onun daxili mədəniyyətidir. Bu mədəniyyət təsadüfi deyil. Ziyalı bir atanın elmi və mənəvi irsi onun dünyagörüşündə, həyata baxışında, insanlara münasibətində aydın hiss olunur. O, atasından yalnız biliyi deyil, düşünməyi, məsuliyyəti və vicdanı da miras alıb. Ziyalılıq onun üçün sadəcə, bilik yox, davranış, münasibət və mövqedir.

Onu tanıyan hər kəs bilir ki, Rövşən müəllim üçün insan amili hər şeydən önəmlidir. Xeyirxahlıq onun xarakterinin ayrılmaz hissəsidir. Bu xeyirxahlıq nümayiş üçün deyil, təbii bir ehtiyac kimi yaşanır. Ehtiyacı olanı dinləmək, çətin vəziyyətdə olanın yanında olmaq, kömək əlini səssizcə uzatmaq - bunlar onun gündəlik həyatının adı, amma dəyərli məqamlarıdır.

Rövşən Əliyev yaxşı rəhbərdir. Çünki o, insanları idarə etmir, onlara yol göstərir. Ətrafındakı insanlara etibar edir, onların fikrinə dəyər verir və hər kəsdə potensial görməyi bacarır.

Rövşən Əliyev ziyalıdlr, amma bu ziyalılıq tribunadan səslənən sözlərdə deyil, gündəlik davranışın sadəliyində, insanla insan arasındakı məsafəni qısaldan səmimiyyətdə təzahür edir. O, danışanda səsini ucaltmır, amma fikri eşidilir. Qərar verəndə sərt olmur, amma mövqeyi möhkəmdir. Çünki onun dayağı vəzifə deyil, vicdandır.

AzQAC-dəki fəaliyyəti onun xarakterinin təbii davamıdır. Onun üçün yardım rəqəmlərlə ölçülmür: bir insanın gözündə yaranan ümid, bir ailənin qəlbinə qayıdan inam daha qiymətlidir. O, kömək edərkən görünmək istəmir, amma bu, hiss olinur. Elə buna görə də ona inanırlar.

Rövşən müəllim özünə yox, insanlara doğru addımlayıb. Bu gün onun adı çəkiləndə vəzifə ilə yanaşı, hörmət də yada düşür.

60 il...  Bu rəqəm bir təqvim göstəricisi deyil, yaşanmış vicdanın, səbrin və xeyirxahlığın cəmi kimidir. Bu illərin hər birində mənalı bir ömür var... Bəlkə də bu, çox uzun  ömür deyil, amma dolu-dolu yaşanmış bir yolun ciddi mərhələsidir. Bu illər ərzində Rövşən Əliyev həm peşəkar fəaliyyəti, həm də insani keyfiyyətləri ilə hörmət qazanıb. Onun həyatı göstərir ki, əsl nüfuz səs-küylə deyil, səssiz yaxşılıqla, təmkinli davranışla, vicdanlı mövqe ilə qazanılır.

Əlamətdar yubileyi münasibəti ilə Rövşən Əliyevə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gördüyü xeyirxah işlərdə davamlı uğurlar arzulayıram. Qoy onun həyat yolu bundan sonra da insanlara ümid, ətrafına isə işıq saçsın, ehtiyacı olanlara ümid, ətrafındakılara inam, cəmiyyətə isə səssiz, amma dərin, mənalı xeyir gətirsin.

60 illik yubileyin mübarək olsun, Rövşən müəllim!

Şəmsiyyə Musaqızı,

Əməkdar jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada