Modern.az

İranın Naxçıvana hücumu region üçün ciddi təhdiddir - DEPUTAT

İranın Naxçıvana hücumu region üçün ciddi təhdiddir - DEPUTAT

Ölkə

6 Mart 2026, 16:26

İranın Naxçıvana xain terror hücumu regionun təhlükəsizliyi üçün birbaşa təhdiddir. İran rejimi Azərbaycanın dostluq jestlərinin əksinə olaraq belə bir iyrənc üsula əl atmaqla çox böyük səhv etdi.

Bunu Modern.az-a açıqlamasında deputat Azay Quliyev bildirib. 

Deputat qeyd edib ki, İran bu addımı ilə bir daha sübut etdi ki, o, təkcə dünya üçün deyil, bütün beynəlxalq ictimaiyyət və xüsusilə də yaxın qonşu dövlətlər üçün açıq təhlükə və təhdid mənbəyidir. Mülki infrastruktura və beynəlxalq hava limanına terror hücumu edən bir dövlət faktiki olaraq özünü beynəlxalq hüququ pozan və legitim hədəfə çevrilən aqressiv rejim olduğunu təsdiq etdi.

"Azərbaycan dövləti uzun illər ərzində İranla münasibətlərdə təmkinli, konstruktiv və xoşniyyətli mövqe nümayiş etdirmiş, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq üçün dəfələrlə müsbət jestlər etmişdir. Lakin İranın Azərbaycan tərəfindən dostcasına atılmış addımlara cavab olaraq ölkəmizə qarşı açıq terror və təcavüz aktına əl atması bu rejimin əsl simasını, onun riyakar və düşmən mahiyyətini bir daha ortaya qoydu".

Azay Quliyev qeyd edib ki, rejim bu məsuliyyətsiz və təxribatçı addımı ilə İranda yaşayan 40 milyondan artıq azərbaycanlının milli qüruruna və hisslərinə də toxunub:

"Onilliklər boyu fundamental hüquqları tapdanmış, doğma ana dilində təhsil almaq imkanından məhrum edilmiş, müxtəlif təzyiqlərə və diskriminasiyaya məruz qalmış milyonlarla Azərbaycan türkü onların yeganə dayağı və ümid yeri olan dövlətimizə qarşı törədilən bu şərəfsiz və alçaq hücumu unutmayacaq və bağışlamayacaq. İndiyə qədər İranda baş verən proseslərə səbir və təmkinlə yanaşan soydaşlarımız üçün bu hadisə artıq səbr kasasını daşıran bir məqam ola bilər".

"İranın region ölkələrinə, xüsusilə mülki əhaliyə və obyektlərə qarşı hücumlar təşkil etməklə onları genişmiqyaslı qarşıdurmaya sürükləmək cəhdi əslində onun çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Bu cür avantürist və məsuliyyətsiz addımlar mollakratiyanın onsuz da qaçılmaz olan siyasi iflasını daha da sürətləndirəcək" - milət vəkili qeyd edib.

O vurğulayıb ki, Azərbaycana qarşı törədilən bu hücumdan dərhal sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını çağıraraq İranın bu təxribatını Azərbaycan dövlətinə qarşı terror aktı və namərd hücumu kimi qiymətləndirməsi, İran rəsmilərindən rəsmi izahat və üzr tələb etməsi, bu terroru törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəməsi və Silahlı Qüvvələrin bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verməsi regionda yeni siyasi vəziyyət yaratdı. İndiyə qədər İranın bu cür təxribatlarına bəzi dövlətlərin ehtiyatlı, bəzən isə zəif reaksiyalar verməsi rəsmi Tehranı daha da cəsarətləndirirdi:

"Prezident İlham Əliyev isə bu təhlükəli stereotipi qıraraq açıq mesaj verdi: Azərbaycan öz təhlükəsizliyinə qarşı yönələn heç bir təhdidi cavabsız qoymayacaq və dövlətimizin gücünü sınamaq istəyənlər bunun ağır nəticələrinə hazır olmalıdırlar.

İran tərəfinin “bundan xəbərimiz yoxdur, biz etməmişik” kimi riyakar bəhanələrlə məsuliyyətdən yayınmağa çalışması isə onların nə qədər simasız və təhlükəli olduqlarını bir daha açıq şəkildə ortaya qoyur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada