Modern.az

Bayramov həmkarları ilə müzakirələr aparır 

Bayramov həmkarları ilə müzakirələr aparır 

Ölkə

6 Mart 2026, 20:33

6 mart 2026-cı il tarixində Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən Modern.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan hücuma aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Sudan tərəfinin diqqətinə çatdırıb.

Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

Belçika Naxçıvana dron hücumlarını qınayıb.

Modern.az xəbər verir ki, bu barədə Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot “X” hesabında yazıb.

“Belçika dünən Naxçıvan hava limanına edilən, mülki şəxslərin yaralanmasına səbəb olan və mülki infrastruktura ziyan verən dron hücumunu şiddətlə qınayır. Mən Azərbaycan xalqı və hökuməti ilə tam həmrəyliyimi ifadə edirəm.

İran tərəfindən hər bir eskalasiya stabilliyə qayıdış ehtimalına zərbə vurur. Biz təmkinli olmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, - nazir qeyd edib.

***

6 mart 2026-cı il tarixində Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən Modern.az-a verilən xəbərə görə, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub.

Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.

Danışıq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarına 5 mart tarixində Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Nazir Ervin İbrahimoviç İranın ölkəmizə qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və ölkəmizlə həmrəy olduğunu qeyd edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.

Modern.az xəbər verir ki, Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb.

"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.

Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:

"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada