Modern.az

İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu

İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu

Ölkə

Bu gün, 17:40

İsrailin mərkəzində İranın kaset başlıqlı raket zərbəsi nəticəsində yaralanan 2 azərbaycanlı ölüb. 

Modern.az "The Times of İsrael"ə istinadən xəbər verir ki, tibbi rəsmilərin verdiyi məlumata görə, ötən gün səhər saatlarında İsrailin mərkəzində İranın kaset bombalı raket hücumu zamanı yaralanan 40 yaşlarında Rüstəm Qulamov və Amid Murtuzov aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Kaset başlıqlı raketin tərkibində olan submunisiyalar İsrailin mərkəzində ən azı 6 müxtəlif nöqtəyə düşüb. Partlayışlar Yehud, Or Yehuda, Holon və Bat Yam şəhərlərində qeydə alınıb.

Həlak olanların Petah Tikva şəhərinin sakinləri olan, əslən azərbaycanlı 40 yaşlarında Rüstəm Qulamov və Amid Murtuzov olduğu müəyyən edilib. Hər iki həmyerlimiz Yehud şəhərində tikinti sahəsində işləyərkən ballistik raketdən ayrılan kaset bombalarından biri həmin əraziyə düşüb.

İlkin yardım göstərən xilasedicilərin bildirdiyinə görə, onlar sığınacaqda və ya başqa qoruyucu məkanda olmayıblar.

Təcili tibbi yardım əməkdaşları yaralılardan birinin hadisə yerində öldüyünü elan edib, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O daha sonra aldığı xəsarətlərdən vəfat edib.

İsrailin Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Şai Klapper bildirib ki, həmin tikinti sahəsində çalışan onlarla işçi sığınacaqlara daxil olduqları üçün hücumdan sağ qalıblar.

“Həmin tikinti sahəsində bir neçə nəfərin yaralandığı çətin bir hadisə baş verdi. Eyni zamanda demək istəyirəm ki, onlarla işçinin həyatı xilas edildi. Onların həyatı ona görə xilas oldu ki, qorunan məkana daxil oldular və verilən göstərişlərə əməl etdilər”, – deyə o, ordunun yayımladığı videoda bildirib.

Hücum zamanı Or Yehuda şəhərində başqa bir kişi də ağır yaralanıb. Xilasedicilərin məlumatına görə, o da kaset bombalarından birinin partlaması zamanı sığınacaqda olmayıb.

Hadisə yerlərindən yayılan görüntülərdə partlayışların nəticəsində yerdə yaranan kraterlər, eləcə də zədələnmiş avtomobillər və binalar görünür.

Davam edən münaqişə fonunda İran İsrailə doğru kaset başlıqlı ballistik raketlər buraxıb. Bu tip raketlər geniş ərazilərə nəzarətsiz şəkildə çoxsaylı kiçik bombalar səpərək ciddi təhlükə yaradır.

“Haaretz” qəzetinə danışan və hücum zamanı Yehud tikinti sahəsində olan bir kran operatoru raket hücumları zamanı tikinti işçilərinin üzləşdiyi təhlükəni vurğulayıb.

“Mən aşağı düşdüm və güclə xilas oldum. Siqnal aldım, məni yükdən ayırmalarını gözlədim, kranı bağladım və aşağı endim”, – deyə o bildirib.

Onun sözlərinə görə, bütün proses bir neçə dəqiqə çəkib və vaxt çox az olub:

“Endiyimiz vaxt artıq sirena səslənməyə başlamışdı”.

Kran operatoru yerə çatanda sonradan ölən iki kişini gördüyünü xatırladıb və dərhal yaxınlıqdakı yeraltı avtodayanacağa sığınmaq qərarına gəldiyini deyib.

“Qərar verib qaraja enəndən cəmi on saniyə sonra güclü partlayış oldu. Yarım dəqiqə sonra yenidən yuxarı qalxdım və onları yerdə uzanmış vəziyyətdə gördüm”, – deyə o bildirib.

“Onların niyə içəri girmədiyini başa düşə bilmədim”.

İsrailin mərkəzində kaset bombalarından birinin düşdüyü başqa bir yaşayış evinin qarşısından danışan general-mayor Şai Klapper ölkə vətəndaşlarını fövqəladə vəziyyət qaydalarına əməl etməyə çağırıb.

“Bu mənzil kaset bombası ilə vurulub. Ola bilsin ki, buraxılan raketlərin miqyası bir qədər azalıb və sirenlərin sayı bir qədər çoxdur, lakin bu mənzil kaset bombasının nə qədər böyük dağıntı törətdiyini göstərir”, – deyə o bildirib.

Klapper qeyd edib ki, həmin mənzildə yaşayan ailə Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl edərək sığınacağa daxil olduğu üçün xəsarət alan olmayıb.

“Buna görə İsrail vətəndaşlarını dözümlü və cəsarətli olmağa, Daxili Cəbhə Komandanlığının təlimatlarına əməl etməyə çağırıram – bu təlimatlar insanların həyatını xilas edir”, – deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada