“Süni intellektin idarə edilməsi istiqamətində artıq müəyyən addımlar atılıb. Bizim yanaşmamız ondan ibarət deyil ki, bəzi Avropa ölkələrində olduğu kimi, məlumatların mühafizəsi və digər tənzimləyici mexanizmlər vasitəsilə süni intellektin inkişafını məhdudlaşdıraq”.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
“Eyni zamanda biz Amerika modelində olduğu kimi bütün tənzimləyici mexanizmlərin aradan qaldırılmasını da doğru hesab etmirik. Bu baxımdan balanslı yanaşma tətbiq olunur. Süni intellektin tətbiqi zamanı yarana biləcək risklərin azaldılması üçün 8 standart hazırlanıb və onlardan dördü artıq qəbul edilib. Bu standartlar süni intellekt texnologiyalarının etik prinsiplərə uyğun yaradılması və tətbiqi, şəffaflığın təmin edilməsi, texnoloji təhlükəsizlik və müasir alqoritm və sistemlərin istifadəsi kimi məsələləri əhatə edir” – deyə o qeyd edib.
Nazir müavini qeyd edib ki, ölkədə süni intellekt infrastrukturu yaradılır. İlkin mərhələdə NVIDIA şirkətinin qrafik çipsetlərinə əsaslanan texnoloji infrastruktur artıq qurulub.
“ASCON Holdinqə daxil olan “AzInTelecom” şirkəti tərəfindən qrafik çipsetlərdən ibarət Milli Superkompüter Mərkəzi ötən ilin noyabr ayında istifadəyə verilib. 32 qrafik çipsetdən ibarət olan bu mərkəz hazırda həm dövlət qurumlarına, həm də özəl sektor nümayəndələrinə süni intellekt modellərinin yaradılması, inkişafı və istifadəsi üçün xidmət göstərir. Təsadüfi deyil ki, Kənd Təsərrüfatı Nazirliyi də bu superkompüter mərkəzinin əsas istifadəçilərindən biri kimi fəaliyyətə başlayıb. Bununla yanaşı qeyd etməliyik ki, 32 qrafik çipset Azərbaycanın ehtiyacları üçün kifayət qədər azdır” – deyə o qeyd edib.