Modern.az

Fitrə zəkatını pulla verək, ərzaqla? - İlahiyyatçı deputat AÇIQLADI

Fitrə zəkatını pulla verək, ərzaqla? - İlahiyyatçı deputat AÇIQLADI

Ölkə

Bu gün, 10:53

Martın 20-də Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) qeyd olunacaq.

Bayram yaxınlaşdığından, builki fitrə zəkatının miqdarı da ən çox müzakirə edilən mövzulardan biri olub.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazanla bağlı fətvasında builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.

Lakin bu məbləğ böyük əksəriyyət üçün yüksək hesab olunur. İnsanlar hər kəsin maddi imkanlarının bu məbləği ödəməyə çatmadığı qənaətindədirlər.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Ramazanda ən çox verilən suallardan biri də fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır.

“Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 10-15 AZN arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.

“Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər” sualına gəldikdə isə bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar.

Amma müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü də bildirirlər.

Mən də hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.

İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!