2025-ci ildə məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmətlərin ödənilməsi, yaşayış obyektlərinin təmiri və infrastruktur təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ümumilikdə 31,4 milyon manata yaxın vəsait xərclənib. Bu vəsait hesabına kommunal xidmətlər maliyyələşdirilib, kabel xətləri alınaraq elektrik və su təchizatının dayanıqlığı gücləndirilib, həmçinin yüzlərlə mənzil və yaşayış binasında təmir-bərpa işləri aparılıb.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşan məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18 milyon 320 000 manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.
Hesabatda göstərilib ki, sıx məskunlaşma obyektlərində və mövcud məcburi köçkün qəsəbələrində elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlığının təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq 2025-ci ildə 499,9 min manat dəyərində 75,9 min metr müxtəlif ölçülü və markalı kabel-naqil alınaraq tələbat yerlərinə çatdırılmış, həmçinin zəruri inzibati binalara 1732 reys su (18,2 min ton) daşınıb.
2025-ci ildə məcburi köçkünlərin məişət problemlərinin həlli məqsədilə 3811 min manat vəsait hesabına onların məskunlaşdıqları 94 obyekt üzrə 26,5 min kv.metr yumşaq, 57,2 min kv.metr isə rəngli metal dam örtüyü dəyişdirilib, şəhid və qazi ailələrinin ağır şəraitdə yaşadıqları 3 mənzil də daxil olmaqla, müxtəlif səbəblərdən baş verən yanğın nəticəsində yararsız hala düşüb, 40 mənzildə (evdə) təmir işləri həyata keçirilib.
Bundan başqa, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qəsəbə və yaşayış komplekslərində hesabat ilində 345 mənzil və ya fərdi ev təmir edilib, 17 binanın dam örtüyü dəyişdirilmiş, 2 binanın pilləkən qəfəsləri və dəhlizləri təmir edilib, 10 binanın ağlay üzlükləri yeniləri ilə əvəz edilib, 4 qəsəbənin daxili yollarında təmir işləri həyata keçirilib. Qeyd olunan təmir-bərpa işlərinə ümumilikdə 8747 min manat vəsait sərf edilmişdir.