Hesabat ilində 471,1 min nəfərə aylıq, 58 min nəfərə isə birdəfəlik olmaqla ümumilikdə 529 min nəfərə (əhalinin 5,2%-i) sosial müavinət verilib. Bundan başqa, 406,6 min nəfərə (əhalinin 4%-i) Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib. İl ərzində minimum əməkhaqqının artımı ilə penitensiar müəssisələrdən azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinət 1600 manata çatdırılıb. Prezident fərmanı ilə müxtəlif sosial müavinət və təqaüdlərin məbləği artırılıb, həmçinin 2025-ci il sentyabrın 1-dən tələbə və doktorant təqaüdləri orta hesabla 10% yüksəldilib.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Bundan əlavə, “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 iyun tarixli 410 nömrəli Fərmanı ilə 2025-ci il iyulun 1-dən aşağıdakı sosial müavinət və təqaüdlərin məbləğləri artırılıb:
orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə aylıq müavinətin məbləği 11,1% artırılaraq 300 manata, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə aylıq müavinətin məbləği 13,6% artırılaraq 250 manata, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə aylıq müavinətin məbləği 20% artırılaraq 180 manata;
ailə başçısını itirməyə görə aylıq müavinətin, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinətin məbləği 16,6% artırılaraq 140 manata;
bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq müavinətin məbləği 40% artırılaraq 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinətin məbləği 33,3% artırılaraq hər uşaq üçün 140 manata, övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilən uşaqlar istisna olmaqla) görə aylıq müavinətin məbləği 20% artırılaraq 240 manata;
himayədar ailəyə verilən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 26,6% artırılaraq 500 manata, 7–13 yaş arası uşağa görə 44,6% artırılaraq 600 manata, 14–18 yaş arası uşağa görə 49,4% artırılaraq 650 manata;
uşağın anadan olmasına görə birdəfəlik müavinətin və dəfn üçün birdəfəlik müavinətin məbləği 20% artırılaraq 600 manata;
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə təqaüdün məbləği 10% artırılaraq 2200 manata, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə təqaüdün məbləği 11,1% artırılaraq 2000 manata;
şəhid ailəsi üçün təqaüdün, 20 Yanvar şəhidinin ailəsi üçün təqaüdün və Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə təqaüdün məbləği 16,7% artırılaraq 700 manata;
müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği 20% artırılaraq 600 manata, 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği 25% artırılaraq 500 manata, 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği 21,2% artırılaraq 400 manata;
ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) təqaüdün məbləği 25% artırılaraq 250 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği 16,7% artırılaraq 350 manata;
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 13,3% artırılaraq 1700 manata, “Xalq” fəxri adlara görə təqaüdün məbləği 50% artırılaraq 300 manata, “Əməkdar” fəxri adlara görə təqaüdün məbləği 33,3% artırılaraq 200 manata çatdırılmışdır.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 24 iyul tarixli 678 nömrəli Sərəncamı ilə 2025-ci il sentyabrın 1-dən dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri orta hesabla 10% artırılmışdır.