1997-ci ildən əvvəl əlil olmuş hərbçilərə ödənişlər davam edir. Belə ki, 2025-ci ildə 222 nəfərə 1,4 milyon manat verilib
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların varislərinə birdəfəlik ödənişlər həyata keçirilir.
2025-ci ildə bu istiqamətdə 222 nəfərə təyinat aparılıb və ümumilikdə 1,4 milyon manat vəsait ödənilib.
Eyni zamanda, birdəfəlik ödənişlərin verilməsinə başlanılan 2022-ci il 2 avqust tarixindən indiyədək 17 796 nəfərə təyinat verilib (o cümlədən 1402 müharibə əlilinin 2872 varisinə) və ümumilikdə 115 milyon manat ödəniş həyata keçirilib.