2025-ci ildə imtiyazlı şəxslərə 400 mənzil verilib.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabat ilində imtiyazlı şəxslərə (Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslərə, I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 20 Yanvar faciəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslərə, Çernobıl AES-də qəza ilə bağlı əlilliyi müəyyən edilən şəxslərə, gözdən əlilliyi olan şəxslərə) ümumilikdə 400 mənzil təqdim edilib.
2025-ci il ərzində əlilliyi olan şəxslərə, o cümlədən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin onları müşayiət edən şəxslərə, Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə, şəhid ailəsi üzvlərinə 1620 sanatoriya-kurort putyovkası təqdim edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan 2136 nəfər əlilliyi olan şəxsə reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardım ödənilib.
Bundan əlavə, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar 80 nəfər 20 Yanvar şəhidinin ailəsinə və 20 Yanvar hadisələri ilə əlaqədar 233 nəfər əlilliyi olan şəxsə (ümumilikdə 313 nəfər), habelə Çernobıl AES-də qəzanın 39-cu ildönümü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyacı olan 500 nəfər əlilliyi olan şəxsə birdəfəlik pul yardımı edilmişdir. 3 Dekabr “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə əlaqədar 24 min nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan əlilliyi olan şəxsə maddi yardım olunub.