Baş nazir Əli Əsədov müdafiə sahəsinə yönəlmiş xərclərin artırılmasının səbəblərini açıqlayıb.
Modern.az-ın məlumatına görə, Əli Əsədov parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib:
“2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılmışdır. Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir”.
Baş nazir qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb ki, bu da 2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çoxdur.
“Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir”.
O bildirib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.