Qobu və Saray qəsəbələrində təcili tibbi yardım xidmətlərinin filialları açılıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Belə ki, mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub.
Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub.
Eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.
Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.
Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.