Ötən gün İctimai Televiziya tərəfindən yayımlanan məlumat cəmiyyətdə ciddi rezonans doğurub. Məlumata görə, şantaj fəaliyyəti ilə məşğul olan bir qrup şəxs ifşa edilib. Araşdırmalar nəticəsində Alena Əliyevaya qarşı aparılan kampaniyanın tamamilə yalan və məqsədli şəkildə qurulduğu üzə çıxıb. Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı artıq bir nəfərin saxlanıldığı bildirilir. Saxlanılan şəxs istintaqa ifadə verərək mühüm məqamları etiraf edib. Onun sözlərinə görə, həmin videomaterial ona xaricdə yaşayan və Azərbaycana qarşı daim düşmən mövqe sərgiləyən şəxslərə yaxın olan insanlar tərəfindən təqdim olunub. Həmin materialı ona Qabil Məmmədov və Mehman Hüseynova yaxın adamlar, Məmmədzəki Səlimov və Elman Əliyev olub.
Məsələ ilə bağlı Milli Məclisin deputatları münasibətlərini bildiriblər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa şantajın birbaşa xarici xüsusi xidmət orqanları tərəfindən tərtib olunan ssenari olduğunu qeyd edib: “Ssenariyə əsasən artıq hansısa bir siyasətin tənqid olunmasından getmir. Konkret ölkəni idarə edən şəxsin müstəqil siyasətinə zərbə vurmaq üçün onun ailə institutuna qarşı belə bir kampaniya, böhtan və şantaj xarakterli məlumatları yaymaqla, əslində, prosesi irəli götürməyi düşünürlər. Amma bu, mənbə bəlli olduğuna görə, dövlətin hüquq-mühafizə orqanları da çox ciddi şəkildə mübarizə aparırlar. İndi konkret şəxsin tutulması və onun bu şantajla məhz qidalandırıcı vasitələrlə xaricdən alınan materiallar əsasında saxta məlumatları yaymaq üçün belə bir öhdəlik üzərinə götürdüyü bəlli olub. Buna görə də, bundan sonra daha ciddi şəkildə bu cür şantajçıların fəaliyyətinin aşkarlanması baxımından proses daha da irəliyə gedəcək. Və hesab edirəm ki, mənəvi dəyərlərə bu cür sayğısız yanaşan, müəyyən dərəcədə bu prosesləri belə şantaj formasında həyata keçirməyə çalışan qüvvələrin ifşa olunması gecikməyəcək”.
Komitə sədri vurğulayıb ki, bu cür böhtan, şantaj materialları ilə Azərbaycan cəmiyyətinə hansısa bir şəkildə nəsə mənfi yöndən təlqin etmək mümkün deyil: “Xüsusilə də burada Dövlət Təhlükəsizlik Xidmətinin atdığı addım kifayət qədər yerindədir və çox ciddi çalışmalardan sonra bu cür şantajçı şəxsin həbs olunması və ona əlaqədə olan qüvvələrin ifşa olunması bu və həmin şəxsləri artıq bir daha da düşünməyə məcbur edəcək ki, bu yolun sonu yoxdur və bu cür böhtan, şantaj materialları ilə Azərbaycan cəmiyyətinə hansısa bir şəkildə nəsə mənfi yöndən təlqin etmək mümkün deyil”.
Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, ümumiyyəytlə, söyüşlə, şantajla aparılan mübarizə hüquqazidd və qəbuledilməzdir: “Azərbaycandan xaricə gedən müəyyən narazılıqları olanlar var ki, nə söyüş söyür, nə də şantajla məşğuldur. Hamını eyni tərəzinin içinə qatmaq olmaz. Azərbaycandan xaricə immiqrasiya edib, öz işini qurmaq istəyənlər, ölkə daxilində bir iş görə bilməyən uğursuz adamlar da var. Amma söhbət söyüş söyməkdən gedir. Mən söyüşlə mübarizə aparılmasını qəbul etmirəm. Söyüş ritorikasından qurtarmaq lazımdır. Söyüş söyməklə, tərbiyyəsizliklə dünyanın heç bir yerində kimsə hakimiyyətə gəlmir. Söyüş və şantaj ritorikasının arxasında müəyyən məqsədlər olur. Hər kəsin öz şəxsi həyatı, ictimai, yaxud siyasi fəaliyyəti var. Bütün ictimai siyasi adamlar təbii ki, təhlil olunmalıdır, amma söyüş təhqirlə yox. Söyüş ritorikası qəbulolunmazdır və nə mentalitetimizə, beynəlxalq hüquqa uyğun deyil”.
Deputatın fikrincə, mövcud vəziyyəti nəzərə alaraq, sosial şəbəkələrlə bağlı qanunvericilik sərtləşdirilməlidir: “İstənilən sosial şəbəkədən istifadə edən adam şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Azərbaycanda təəssüf ki, bu yoxdur. Kimin kimlə şəxsi problemi varsa,ondan nəsə qopartmaq, onu gözdən salmaq istəyir. Elə bil küçədir, tərbiyəli də, tərbiyəsiz də toplaşıb. Qanunvericiliyin özü də sərtləşdirilməlidir. Bir mühüm məqam da var ki, müəyyən xüsusi xidmət orqanları bu məsələdən Azərbaycanın əleyhinə təzyiq üçün istifadə edirlər. Xaricdə də belədir ki, daha böyük miqyasda əllərində resurslar, imkanlar var. Ölkəni deməli, siyasi rəhbərindən tutmuş ayrı-ayrı adamları təhdid etmək üçün, gözdən salmaq üçün bu üsullardan istifadə olunur. Təəssüflər olsun ki, deməli, bu prosesdə azərbaycanlılar da var”.
Deputat Fəzail İbrahimli isə məsələyə belə münasibət bildirib: “Buna necə baxmaq olar? Azərbaycanda tutduğu mövqedən, təhsilindən, işindən, maddi durumundan asılı olmayaraq kimə sual versəm, bu addımı atanları ancaq lənətləyər. Bu xəyanətdir. Bu dövlət başçısına qarşı, millətə qarşı, dövlətə qarşı bir xəyanətdir. Ona görə, qanunda bu hansı maddəylə cəzalandırılmalıdırsa, onlar öz cəzalarını almalıdırlar. Mən təşəkkür edirəm, DTX dövlətə, xalqa qarşı olan xəyanəti ifşa etdi”.