Əfsanəvi rejissor Serjio Leonenin 1966-cı ildə çəkdiyi “Yaxşi, pis, zalım” (The Good, the Bad and the Ugly) filmi dünya kinosunda üç fərqli xarakterin toqquşmasını simvolizə edən ən məşhur ekran əsərlərindən biri hesab olunur. Filmdə “yaxşı”, “pis” və “zalım” obrazları yalnız fərdi xüsusiyyətləri deyil, həm də bir-birinə zidd maraqları təmsil edir.
Modern.az xatırladır ki, “Yaxşi, pis, zalım” filmi 1862-ci ildə ABŞ-də Vətəndaş Müharibəsi dövründə cərəyan edən hadisələr bəhs edir və 3 cinayətkarın müharibə fonunda itmiş qızıl xənizəsini tapmaq cəhdlərini təsvir edir.
Ekran işinin əsas mövzusu müharibə zamanı insanın əsl xislətinin ortaya qoyulmasıdır. Hər 3 qəhrəman acgöz qatildir, amma müharibəyə necə reaksiya vermələri onları əxlaq kodeksini fərqləndirən əsas amildir.
“Yaxşı” müharibənin mənasızlığını və qəddarlığını görməyə başlayır və ətrafındakı ölümlərdən həqiqətən təsirlənir.
“Pis” müharibədən sui-istifadə edir. O, korrupsiya əməliyyatı aparır, hərbi əsirləri soyur və işgəncə verir. Xəzinən yerini aşkar etmək üçün hər yola baş vurur.
“Zalım” isə müharibəyə çox əhəmiyyət vermir. O, sadəcə müharibəni özü ilə xəzinə arasında bir maneə kimi görür.
Bu bənzətmə 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinə də müəyyən mənada uyğun gəlir. Ermənistanın siyasi səhnəsində də üç fərqli yanaşma, üç fərqli siyasi xətt üz-üzə dayanıb. Onları şərti olaraq “yaxşı”, “pis” və “zalım” obrazları ilə müqayisə etmək mümkündür.
“YAXŞI”: Rasional yanaşma axtaran Nikol Paşinyan
Seçki prosesində şərti olaraq “yaxşı” obrazına ən çox yaxın olan fiqur hazırkı Baş nazir Nikol Paşinyan hesab oluna bilər. Lakin burada “yaxşı” anlayışı mütləq mənada istifadə edilmir. Daha çox rasional və reallıqları nəzərə almağa çalışan siyasətçi kimi qiymətləndirilə bilər.
Paşinyan son illərdə regiondakı yeni geosiyasi reallıqları qəbul etməyə məcbur qalan siyasətçi kimi çıxış edir. O, Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh sazişinin əldə olunması istiqamətində addımlar atmağa çalışır. Bu addımlar Ermənistan cəmiyyətində birmənalı qarşılanmasa da, siyasi baxımdan alternativsiz görünən yanaşma kimi təqdim edilir.
Ən diqqətçəkən məqam isə Paşinyanın əvvəlki dövrlərdə səsləndirdiyi bəzi məsuliyyətsiz açıqlamalardan nəticə çıxarmasıdır. Vaxtilə arxasında dura bilmədiyi bəyanatların Ermənistan üçün ağır nəticələrə gətirib çıxardığını görən baş nazir indi daha ehtiyatlı və ölçülmüş ritorikaya üstünlük verir. Bu yanaşma onu radikal və revanşist dairələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
“PİS”: Milyarder Samvel Karapetyan
Seçki səhnəsində “pis” obrazına daha çox uyğun gələn fiqur isə üç ölkənin — Böyük Britaniya, Rusiya və Ermənistan pasportunu daşıyan iş adamı Samvel Karapetyan kimi təqdim olunur.
Karapetyan uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğul olub və böyük sərvət toplayıb. Onun varlanma prosesinin şəffaf olmadığı, korrupsiya və müxtəlif maliyyə sxemləri ilə bağlı iddiaların mövcudluğu tez-tez müzakirə olunur. Eyni zamanda, onun Kremlin siyasi dairələri ilə yaxın münasibətlərə malik olduğu barədə fikirlər geniş yayılıb.
Bu kontekstdə Karapetyanın seçkiyə qatılması yalnız daxili siyasi proses kimi deyil, həm də Moskvanın Ermənistan siyasətində revanş əldə etmək cəhdi kimi qiymətləndirilir. Rusiyanın regionda mövqelərini qorumaq və seçkilərin nəticələrinə təsir göstərmək istəyi Ermənistan daxilində siyasi balansı dəyişə biləcək əsas risklərdən biri sayılır.
Belə bir fiqurun hakimiyyətə gəlmək cəhdi Ermənistanın siyasi kursunu yenidən əvvəlki asılılıq modelinə qaytara və regionda sabitliyə əlavə təhdidlər yarada bilər.
“ZALIM”: Uğursuz separatçı və revanşist Robert Koçaryan
Seçki prosesində ən sərt və radikal mövqeni isə Qarabağ separatçılarının keçmiş lideri, Ermənistanın sabiq Prezidenti Robert Koçaryan təmsil edir. Onu şərti olaraq “zalım” obrazı ilə müqayisə etmək mümkündür.
Koçaryan uzun illər separatçı ideologiyanın əsas simalarından biri kimi tanınıb. Onun siyasi fəaliyyətinin böyük hissəsi münaqişə və qarşıdurma üzərində qurulub. Bu gün də o, regionda sülh prosesinə skeptik yanaşan və revanşist ritorika ilə çıxış edən əsas siyasi fiqurlardan biri hesab olunur.
Koçaryanın yenidən siyasi səhnəyə qayıdışı Ermənistan üçün yeni risklər yarada bilər. Onun rəhbərlik etdiyi siyasi xətt ölkəni yenidən geosiyasi qarşıdurmaların mərkəzinə çəkmək potensialına malikdir. Belə bir ssenari Ermənistanın regionda sabit və praqmatik siyasət yürütmək imkanlarını daha da məhdudlaşdıra bilər.
Koçaryan kimi fiqurların Ermənistan rəhbərliyinə qayıtması sülh prosesini ləngitmək yaxud tamamilə dayandırmaq, danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq və qarşıdurma ritorikasını gücləndirmək istiqamətində addım ola bilər.

7 iyun parlament seçkiləri Ermənistan üçün yalnız daxili siyasi yarış deyil, həm də ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşməsi baxımından kritik mərhələ sayılır. Bu seçkilərdə hansı qüvvənin qalib gəlməsindən asılı olmayaraq, regionda formalaşmış yeni reallıqlar dəyişməz olaraq qalır.
Azərbaycan üçün əsas prioritet öz milli maraqlarının təmin olunması və beynəlxalq hüquqa əsaslanan mövqeyinin qorunmasıdır. Seçkilərin nəticəsi necə olursa-olsun, rəsmi Bakı öz haqqını təmin etmək istiqamətində siyasətini davam etdirəcək və regionda dayanıqlı sülhün təmin olunması üçün mövqeyindən geri çəkilməyəcək. Bu ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistan Konstitusiyasının preambulansında Müstəqillik Bəyannaməsinə istinadın ləğv edilməsi, Avropa İttifaqının Monitorinq Missiyasının regiondan çıxarılması və Zəngəzur dəhlizinin tam qaydada açılmasından ibarətdir.
Sergio Leonenin ölmüsüz filminin final səhnəsində olduğu kimi əsas məsələ təkcə obrazların kimliyi deyil, nəticənin kimə üstünlük qazandırması ilə bağlıdır. Ermənistanda parlament seçkilərində də həmin sual bir qədər başqa cür səslənir: ölkə rasional reallıqları seçəcək, yoxsa köhnə revanşist ambisiyaların girovuna çevriləcək?