2025-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyası üzrə hökmün icrası qaydasında baxılan işlərlə bağlı apellyasiya məhkəmələrində ümumilikdə 184 müraciət qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Ali Məhkəmənin 2025-ci ilə dair fəaliyyət hesabatında öz əksini tapıb.
Hesabata əsasən, müraciətlərin əsas hissəsini cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı işlər təşkil edib. Bu kateqoriya üzrə 81 müraciət qeydə alınıb və onların böyük hissəsi Bakı Apellyasiya Məhkəməsinin payına düşüb.
Bundan əlavə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı 37 müraciət, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi üzrə isə 7 müraciət olub.
Ali Məhkəmənin Cinayət kollegiyasının fəaliyyətinə dair məlumatına əsasən, xəstəliyə görə cəzadan azad etmə ilə bağlı 3, zərərin ödənilməsi nəticəsində cəzadan azad etmə ilə bağlı 1, amnistiya aktının tətbiqi ilə bağlı 1, məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı 1, hökmün icrası zamanı yaranan digər məsələlərlə bağlı 2 müraciət qeydə alınıb.
Bununla yanaşı, cəzaların icrası ilə bağlı müəssisə və orqanların təqdimatları əsasında hökm və ya qərarların icrası ilə bağlı məsələlərin həlli üzrə 21 müraciətə baxılıb.
Hesabatda qeyd olunur ki, digər müraciətlər kateqoriyası üzrə 23 iş qeydə alınıb.
Ümumilikdə müraciətlərin böyük hissəsi - 81,5 faizi Bakı Apellyasiya Məhkəməsinin, qalan hissəsi isə digər apellyasiya instansiyalarının payına düşüb.