Modern.az

Ermənilər azərbaycanlıları niyə öldürürlər - GİZLİ HƏQİQƏTLƏR

Ermənilər azərbaycanlıları niyə öldürürlər - GİZLİ HƏQİQƏTLƏR

Ölkə

Bu gün, 10:44

31 mart həm də gələcəyin qorunması günüdür

İndi hər bir azərbaycanlını düşündürən bir sual var, ermənilərin xalqımıza qarşı düşmənçiliyi nədən qaynaqlanır, haradan güc alır, nəyə əsaslanır… Bu sualları sıralamaq olar. Bu yazıda həmin suallara cavab tapmağa çalışacağıq.

Bu gün 31 mart 2026-cı ildir. Təqvimimizdə bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. Bu gün Azərbaycan xalqının qan yaddaşının, tarixi faciələrinin, eyni zamanda milli dirəniş iradəsinin simvoludur. 31 mart yaddaşın diri saxlanılması, tarixdən dərs çıxarılması və gələcək üçün ayıq olma çağırışıdır.

Tarixə nəzər saldıqda aydın görünür ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təsadüfi və ya lokal hadisələr toplusu deyil. Bu, sistemli, mərhələli və məqsədyönlü şəkildə həyata keçirilmiş uzunmüddətli bir strategiyadır. XIX əsrin sonlarından etibarən bu siyasət daha açıq və təşkilatlanmış formada həyata keçirilməyə başlanılıb. Lakin ondan əvvəlki dövrlərdə də fürsət düşdükcə, azərbaycanlılara qarşı qətliamlar, zorakılıqlar törədilib.

1905-ci il hadisələri bu siyasətin ilk genişmiqyaslı mərhələlərindən biri kimi tarixə düşüb. Çar Rusiyasının arxiv sənədlərində də qeyd olunur ki, həmin dövrdə erməni silahlı dəstələri Bakı, Şamaxı, Naxçıvan və İrəvan quberniyalarında azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlar həyata keçiriblər. Bu hadisələrdə on minlərlə insan qətlə yetirilib, kəndlər yandırılıb.

1908-ci il hadisələri bu prosesin davamı idi. Osmanlı torpaqlarında baş verən hadisələr fonunda erməni silahlı qrupları regionda daha da fəallaşaraq Qafqazda etnik təmizləmə siyasətini gücləndiriblər.

1918-ci il mart hadisələri isə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bakı soveti və daşnak qüvvələrinin birgə həyata keçirdiyi mart qırğınları nəticəsində yüz minlərlə azərbaycanlı qətlə yetirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri bu soyqırımının miqyasını və dəhşətini açıq şəkildə sübut edir.

Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilib, Qubada isə xüsusi qəddarlıqla qırğınlar törədilib. Erməni zülmü o zaman Azərbaycanın bütün regionlarına əl uzadıb, insanları qətlə yetirib. Quba soyqırımı məzarlığı həmin vəhşiliklərin canlı sübutudur. Oradan tapılan insan qalıqları, o cümlədən qadın və uşaqlara məxsus skeletlər, erməni silahlı dəstələrinin hansı qəddarlıqla hərəkət etdiyini göstərir.


1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bu siyasətin siyasi mərhələsi idi. Bu addım gələcəkdə yeni münaqişələrin təməlini qoydu və azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılması prosesini sürətləndirdi.

1930-cu illərdə, xüsusilə 1935-ci ildə Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan deportasiyası davam etdirildi. Bu proses rəsmi sənədlərdə “köçürmə” kimi təqdim edilsə də, əslində bu, etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

1948–1953-cü illərdə isə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından zorla çıxarılaraq Azərbaycanın Aran rayonlarına köçürüldü. Bu barədə SSRİ Nazirlər Sovetinin qərarları mövcuddur və bu sənədlər deportasiyanın planlı şəkildə həyata keçirildiyini təsdiqləyir.

1980-ci illərin sonlarından başlayaraq isə bu siyasət yenidən hərbi müstəviyə keçdi. 1988-ci ildən etibarən Ermənistan ərazisində yaşayan azərbaycanlılar kütləvi şəkildə qovuldu. 1990–1993-cü illərdə açıq müharibə şəraitində Qarabağ və ətraf rayonlar işğal edildi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşdü. 613 nəfər dinc sakin amansızcasına qətlə yetirildi. Bu soyqırımının şahidləri indi öz yurdlarına qayıdaraq həmin hadisələri canlı şəkildə təsdiqləyirlər.

Xocalı soyqırımını törədənlərin bir qismi artıq Azərbaycan tərəfindən saxlanılaraq mühakimə olunub. Bu, tarixi ədalətin bərpası baxımından mühüm hadisə, gələcək üçün ciddi dərsdir.

Onu da bilməliyik ki, zamanla xalqımıza qarşı törədilən bu soyqırımları insan qırğını ilə məhdudlaşmır. Azərbaycan xalqının tarixi torpaqları işğal olunub, mədəni irs məhv edilib, şəhər və kəndlər viran qoyulub. Məscidlər təhqir olunub, qəbiristanlıqlar dağıdılıb.

Bu vəziyyət haqlı olaraq bir sual doğurur, ermənilər niyə azərbaycanlılara qarşı ardıcıl qəddarlıq və amansız siyasət həyata keçiriblər?

Bu sualın cavabı tarixi, siyasi və ideoloji amillərin kompleksində gizlənir. XIX əsrdə formalaşan “Böyük Ermənistan” ideyası regionda etnik təmizləmə siyasətinin ideoloji əsasına çevrildi. Bu ideya yalnız ərazi iddiası deyil, həm də başqa xalqların həmin torpaqlardan sıxışdırılmasını nəzərdə tuturdu.

Tarixi mənbələrdə, o cümlədən erməni müəlliflərinin öz əsərlərində belə bu ideyanın mövcudluğu açıq şəkildə etiraf olunur.

Bu siyasətdə xarici qüvvələrin rolu isə xüsusi diqqət tələb edir. Çar Rusiyası dövründə ermənilər Qafqaza köçürülərək bölgədə demoqrafik vəziyyət dəyişdirildi. Bu, imperiyanın regionda dayaq yaratmaq strategiyasının bir hissəsi idi.

Sovet dövründə də bu siyasət müxtəlif formalarda davam etdirildi. Ermənistanın ərazi iddialarına dolayısı ilə dəstək verildi, azərbaycanlıların hüquqları isə sistemli şəkildə pozuldu.

Müasir dövrdə isə Fransa kimi ölkələr açıq şəkildə Ermənistanı müdafiə edən siyasət yürüdür. Fransa parlamentində qəbul olunan birtərəfli qətnamələr bu ölkənin regiondakı maraqlarını və tərəfkeş mövqeyini açıq şəkildə ortaya qoyur.

İran regionda öz geosiyasi maraqlarını qorumaq üçün balans siyasəti adı altında faktiki olaraq Ermənistanla yaxın əməkdaşlıq edir. Bu, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edən addımlarla müşahidə olunur. Maraqlısı odur ki, 1918-ci illərdə bolşeviklər və daşnaklar azərbaycanlılara qarşı soyqırımı törədəndə Cənubi Azərbaycanda da on minlərlə soydaşımız qətlə yetirilib. Ancaq bir farsın burnu qanamayıb. Bu fakt hər şeyi deyir.

Əlbəttə bu kimi xarici dəstəklər olmasaydı, Ermənistanın bu qədər uzun müddət işğal siyasətini davam etdirməsi mümkün olmazdı.

Bütün bu faktlar göstərir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti ermənilərlə yanaşı, böyük güclərin maraqlarının toqquşduğu bir prosesin nəticəsidir. Ermənilər isə maşa olmaqla nəsə əldə edəcəklərini düşünüblər.

Bu gün vəziyyət dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İşğal altındakı torpaqlar azad olunub.

Bu gün Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Bu, tarixdə ilk dəfə olaraq ədalətin bərpa olunduğu bir mərhələdir.

Artıq biz yas tutan xalq libasını dəyişmişik, biz qalib xalqıq. 31 mart gücümüzün, iradəmizin və milli birliyimizin simvoludur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu günü qeyd edir, qurbanları yad edir, tarixləri xatırlayırlar.

Bu gün yaddaş günü, dərs günüdür. Bu gün gələcəyə baxış günüdür. Xalqımızın başına gətirilən müsibətləri unutmamaq üçün, yenidən yaşamamaq üçün ayıq olmaq lazımdır. Tarix göstərdi ki, unutqanlıq faciələrin təkrarlanmasına səbəb olur. Bu səbəbdən hesab etmək olar ki, 31 mart həm də gələcəyin qorunması günüdür.

Bəli, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar tariximizin ən ağrılı səhifələridir. Lakin bu səhifələr eyni zamanda xalqımızın dirənişi, mübarizəsi və yenilməzliyinin sübutudur. Tarixdən dərs çıxaran xalq isə heç vaxt məğlub olmaz.

Elnur ƏMİROV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB