Modern.az

128 min qurban: 1918 soyqırımının gizlədilən miqyası

128 min qurban: 1918 soyqırımının gizlədilən miqyası

Ölkə

Bu gün, 12:04

1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. 1918-ci ilin 30 mart – 2 aprel tarixlərində 3 gün ərzində Bakıda 12000 azərbaycanlı öldürülüb. Daşnak-bolşevik alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini Bakı quberniyasının digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib. 1918-ci ildə daşnak-bolşevik alyansının törətdiyi soyqırımlar zamanı bütövlükdə Azərbaycan üzrə 128708 nəfər, o cümlədən Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib.

Bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 milyard rubl maddi ziyan vurulub.

Bu soyqırımın törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və Azərbaycan torpaqlarına yiyələnməkdən ibarət olub. Bu məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilib.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Er¬məni Milli Şurası tərəfindən hazırlanıb. Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və istintaqla tam sübuta yetirilib ki, azərbaycanlılar qadın, qoca, uşaq fərqi qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər edilib.



Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur.

Ermənilərin Azərbaycanlılara qarşı irqi və milli zəmində soyqırımı törətməsi Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları sübut edir ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir. 

1919 və 1920-ci ilin mart ayının 31-i iki  dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib. 

2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu və onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Quba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması qərarlaşdırıldı. Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş memorial kompleksin açılışını etdi. 

1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımların təhqiqat sənədlərindən anlaşılan miqyası onu deməyə əsas verir ki, Qubada aşkar edilən kütləvi məzarlıq kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir. Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir. 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilərin xalqımıza qarşı növbəti diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə rəvac verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün bu cinayətləri törədənlər və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdır. Bu, həm də ədalətin təmin edilməsi üçün vacibdir.

Vasif Qafarov,
Milli Məclisin deputatı

tarix elmləri doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB