Modern.az

Keşlədə yağışların yaratdığı fəsadlar aradan qaldırılır

Keşlədə yağışların yaratdığı fəsadlar aradan qaldırılır

Ölkə

Bu gün, 19:14

İntensiv yağan yağışlar nəticəsində 05 aprel 2026-cı il tarixində Bakı dairəvi magistral kollektoru su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşmışdır. Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, Rəşid Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqamətinin məcburi qaydada dəyişərək alternativ xətlərə yönəldilmişdir.

Modern.az xəbər verir ki, qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə sudolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün, köhnə tikililərin konstruksiyasına və vətəndaşların şəxsi əmlakına ciddi maddi ziyan dəymişdir.

Dərhal Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur. Aidiyyəti strukturlar tərəfindən operativ koordinasiya təmin edilərək qəzanın nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin qorunması və ilkin zəruri yardım tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz işlər görülmüşdür.
Küçəboyu nəqliyyatın və piyadaların hərəkəti tamamilə məhdudlaşdırılmış, təhlükəsizlik məqsədilə elektrik və qaz təchizatı müvəqqəti dayandırılmışdır. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 101 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Həyata keçirilmiş xilasetmə işləri nəticəsində 34 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə edilmiş, digər sakinlər ilə fərdi söhbətlər aparılaraq lazımi maarifləndirmə və təhlükəsizlik qaydaları izah olunmuşdur. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur.

Təxliyə olunan sakinlər Keşlə Şah Abbas məscidinin ərazsində olan inzibati binasında yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar. Müvəqqəti sığınacaq ehtiyacı olan 3 təsərrüfat üzrə ümumilikdə 7 sakinin yerləşdirilməsi məqsədilə əlavə yaşayış məkanları təşkil edilir. Hazırda ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilir, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür, vəziyyət nəzarət altındadır.

(Trend)

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı