Gürcüstan Azərbaycanın ən yaxın və strateji müttəfiqlərindən biridir. Azərbaycanın Avropaya çıxışı, enerji resurslarının birbaşa Avropa bazarlarına nəqli məhz Gürcüstan üzərindən həyata keçirilir. Bu baxımdan Azərbaycan hər zaman Gürcüstanda sabitliyin və davamlı inkişafın tərəfdarı və bu ölkədə milli maraqlarımıza hörmətlə yanaşan dayanıqlı hökumətin formalaşmasında maraqlı olub.
Son iki il ərzində Gürcüstanın ABŞ və Avropa İttifaqı tərəfindən təzyiq, təcrid və sanksiya siyasəti ilə üzləşdiyi bir dövrdə Azərbaycan Gürcüstana açıq və ardıcıl dəstək nümayiş etdirən nadir tərəfdaşlardan biri kimi çıxış edib. Bu müddətdə Prezident İlham Əliyev dəfələrlə Gürcüstana siyasi və mənəvi dəstəyini ifadə edib, Gürcüstan rəhbərliyini Bakıya dəvət edib, özü Tbilisiyə səfərlər həyata keçirib. Burada 2008-ci ilin qışında Gürcüstanın enerji böhranı və donma təhlükəsi ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın daxili təbii qaz ehtiyatları hesabına bu ölkəyə göstərilən təcili dəstəyi də xatırlatmaq yerinə düşərdi. Bu faktlar Azərbaycan–Gürcüstan münasibətlərinin dərin mahiyyətini üzə çıxararaq, bu əlaqələrin “dost dar gündə tanınar” deyiminin real siyasətdə ardıcıl və etibarlı şəkildə tətbiq edildiyini nümayiş elətdirir.
2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri isə bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu səfər həm də regionda və dünyada baş verən hadisələr baxımından son dərəcə həssas bir vaxta təsadüf edir. Bir tərəfdən qonşu İran da gedən müharibə, digər tərəfdən Rusiyanın Cənubi Qafqazla bağlı sərtləşən ritorikası, eləcə də Ermənistanda iki aydan sonra keçiriləcək taleyüklü seçkilər fonunda regionun lider dövlətinin başçısının Tbilisidə verdiyi bəyanatlar xüsusi maraq doğurur. Belə bir şəraitdə həyata keçirilən bu səfər yalnız Azərbaycan–Gürcüstan münasibətlərinə yeni dinamika qazandırmaqla kifayətlənmir, eyni zamanda Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasına birbaşa təsir edir.
Tbilisidə səsləndirilən mesajlar açıq şəkildə göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq ənənəvi dostluq və qonşuluq çərçivəsini aşaraq regionun təhlükəsizlik, enerji və nəqliyyat sisteminin əsas sütunlarından birinə çevrilib.
Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri xalqlar arasında formalaşmış dərin tarixi bağlılıqdır. “Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq və qardaşlıq şəraitində yaşamışlar” fikri bu münasibətlərin möhkəm tarixi təmələ söykəndiyini göstərir. Lakin bu bağlılıq artıq yeni siyasi və iqtisadi məzmun qazanıb. Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirir, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları üzrə koordinasiyalı siyasət həyata keçirir.
Çıxışın ən diqqətçəkən və strateji baxımdan ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesi və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq regionda formalaşmaqda olan yeni reallıqları aydın şəkildə ifadə etdi və vurğuladı ki, artıq Cənubi Qafqazda keyfiyyətcə fərqli bir mərhələyə keçid baş verir.
Prezidentin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və region ölkələri bu imkanları əldən verməməlidir” fikri, əslində, yeni regional yanaşmanın ideoloji əsasını təşkil edir. Bu yanaşmaya görə sülh artıq yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Əksinə, sülhün dayanıqlılığı onun iqtisadi əsaslarla möhkəmləndirilməsindən asılıdır: “Cənab Baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim”.
Prezidentin çıxışında səsləndirilən digər mühüm tezis “Cənubi Qafqazın artıq münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi” haqqındadır ki, bu da regionda baş verən transformasiyanın mahiyyətini açıq şəkildə ifadə edir. Əgər əvvəlki dövrdə qarşıdurma, münaqişə və geosiyasi rəqabət dominant idisə, bu gün əməkdaşlıq, tranzit imkanları və iqtisadi inteqrasiya ön plana çıxır. Məhz bu üç komponent Cənubi Qafqazı davamlı sülh və inkişaf məkanına çevirə biləcək əsas amillər kimi çıxış edir.
Bu transformasiyanın mərkəzində isə Azərbaycanın təşəbbüskar və lider rolu, Prezident İlham Əliyevin siyasi iradəsi dayanır.
Azay Quliyev
Milli Məclisin deputatı