Modern.az

Hər azərbaycanlı ömrü boyu 4 inək, 35 qoyun yeyir - ARAŞDIRMA

Hər azərbaycanlı ömrü boyu 4 inək, 35 qoyun yeyir - ARAŞDIRMA

Ölkə

Bu gün, 15:05

Dünyada qida istehlakı ilə bağlı aparılan beynəlxalq araşdırmalar göstərir ki, insanların ət və balıq istehlakı ölkədən-ölkəyə ciddi şəkildə fərqlənir. Bu fərqlər yalnız illik kiloqram göstəricilərində deyil, həm də bir insanın ömrü boyu neçə heyvan istehlak etməsi baxımından diqqət çəkir.

Modern.az-ın FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatları, beynəlxalq statistika və orta ömür uzunluğu göstəriciləri əsasında apardığı hesablamalar göstərir ki, müxtəlif ölkələrdə bir insan ömrü ərzində yüzlərlə, bəzi hallarda isə minlərlə heyvan istehlak edir.

Dünyanın ən çox heyvan yeyən ölkəsi Amerika Birləşmiş Ştatlarıdır. “Scientific american”a görə, orta hesabla bir amerikalı ömrü boyu təxminən 7000 heyvan yeyir - 4500 balıq, 2400 toyuq, 80 "hinduşka", 30 qoyun, 27 donuz və 11 inək. 

Azərbaycan bu kontekstdə orta göstəriciyə malik ölkələr sırasına daxildir. Hesablamalara görə, Azərbaycanda bir insan ömrü boyu təxminən 4 baş iribuynuzlu mal-qara (inək), 32–35 baş xırdabuynuzlu heyvan (qoyun ya keçi), 710–750 toyuq və 320–350 balıq istehlak edir. Ümumilikdə bu rəqəm 1060–1140 heyvan arasında dəyişir. Ölkədə qoyun ətinin yüksək paya malik olması Azərbaycanı bir sıra digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Yaponiya isə bu siyahıda xüsusi yer tutur. Burada qidalanmada balıq əsas rol oynayır. Orta ömür uzunluğunun 84 ilə yaxın olması da ümumi istehlakı artırır. Nəticədə bir yapon ömrü boyu təxminən 3 baş mal-qara, 850–920 toyuq və 2700–2900 balıq istehlak edir. Ümumi heyvan sayı 3550–3820 intervalında dəyişir.

Avropa ölkələrində isə daha balanslı mənzərə müşahidə olunur. İspaniyada bir insan ömrü boyu təxminən 5 baş mal-qara, 9–11 qoyun, 1250–1350 toyuq və 2000–2300 balıq istehlak edir. Ümumi göstərici 3260–3660 arasında dəyişir. 

Fransada bir insan ömrü boyu təxminən 8–9 baş mal-qara, 11–13 qoyun, 950–1050 toyuq və 1700–1900 balıq istehlak edir ki, bu da ümumilikdə 2660–2970 heyvan deməkdir. İtaliyada isə göstərici 2400–2600 aralığındadır: 6–7 mal, 7–9 qoyun, 950–1050 toyuq və 1400–1600 balıq.

Rusiya və Ukrayna kimi ölkələrdə toyuq əti istehlakı üstünlük təşkil edir. Rusiyada bir insan ömrü boyu təxminən 6 baş mal-qara, 6–7 qoyun, 1350–1450 toyuq və 900–1000 balıq istehlak edir. Ümumi rəqəm 2260–2460 arasında dəyişir. 

Ukraynada isə bu göstəricilər daha aşağıdır: 3–4 mal, 3–5 qoyun, 950–1050 toyuq və 650–750 balıq. Ümumi istehlak 1600–1800 heyvan civarındadır.

Qazaxıstan qırmızı ət, xüsusilə qoyun əti əsas qida mənbəyidir. Qazaxıstanda bir insan ömrü boyu təxminən 8–10 baş mal-qara, 30–35 qoyun, 650–750 toyuq və 450–550 balıq istehlak edir. Ümumi göstərici 1150–1350 arasında dəyişir. 

Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələrdə isə Azərbaycanla oxşar qidalanma modeli müşahidə olunur. Türkiyədə bir insan ömrü boyu təxminən 5–6 baş inək, 25–30 qoyun, 1050–1150 toyuq və 350–420 balıq istehlak edir. Ümumi rəqəm 1450–1600 aralığındadır.

Gürcüstanda bu göstəricilər 5–6 inək, 20–22 qoyun, 750–850 toyuq və 450–550 balıq olmaqla ümumilikdə 1220–1430 heyvan təşkil edir.

Ermənistanda isə 4–5 inək, 18–20 qoyun, 850–950 toyuq və 450–550 balıq istehlakı ilə ümumi göstərici 1320–1520 arasında dəyişir.

Araşdırma göstərir ki, bir insanın ömrü boyu istehlak etdiyi heyvanların sayı təxminən 400-dən başlayaraq 3800-ə qədər yüksələ bilir. Bu fərq əsasən ölkələrin iqtisadi inkişaf səviyyəsi, qidalanma ənənələri, coğrafi şəraiti və ərzaq resurslarına çıxış imkanları ilə bağlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!