İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyevə yeni posta təyinat alıb.
Modern.az xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında Zaur Əliyev nazir müavini kimi təqdim edilib.
Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib.
Zaur Rafiq oğlu Əliyev 1981-ci ildə anadan olub.
1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.
2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.
Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Bakupost.az" saytı paylaşıb.