Modern.az

O, TƏBİB-in Müşahidə Şurasının yeni sədri oldu - DOSYE

O, TƏBİB-in Müşahidə Şurasının yeni sədri oldu - DOSYE

Ölkə

Bu gün, 14:23

Prezident İlham Əliyev Sərəncamı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Sərəncama əsasən, TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib. Belə ki, bundan sonra Müşahidə Şurasına Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi sədrlik edəcək.

Müşahidə Şurasının üzvləri isə aşağıdakı vəzifəli şəxslər olacaq:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, indiyə kimi TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsini keçmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəri icra edib. Həmin vəzifəni isə ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilən Zaur Əliyev tuturdu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən ay ləğv edilib və onun səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Bəs TƏBİB-in Müşahidə Şurasının yeni sədri - Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi kimdir?

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.

Beləliklə, TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədov olacaq.

Onun bioqrafiyasını təqdim edirik:

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində doğulan X.Əhədovun anası müəllim, atası həkimdir. Yeri gəlmişkən, Xalid Əhədovun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkili, "istiqlalçı deputat"dır.

Xaliq Əhədov 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb. 

O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında “Bank of Baku”da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini işləyib. 

2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın  icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb. 

Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.

X.Əhədov 2018-ci ilin avqustunda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilib

2022-ci ilin 17 noyabrında Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə gətirilib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada