Cənubi Qafqazda müşahidə olunan geosiyasi dinamika regionun gələcək inkişafını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyət daşıyır:
“Azərbaycan ilə Gürcüstan arasında formalaşmış strateji qarşılıqlı bağlılıq artıq Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada sabitlik və inkişaf platformasına çevrilib. Bu bağlılıq sabitliyin təmin olunmasında mühüm rol oynayır və kənar müdaxilə risklərinin azaldılması baxımından effektiv mexanizm kimi çıxış edir.”
Deputat vurğulayıb ki, bu gün regionda sabitliyin əsas sütunu məhz Azərbaycan və Gürcüstandır:
“Eyni zamanda, bu modelin üçüncü komponentlə tamamlanması istiqamətində də müsbət tendensiyalar müşahidə olunur. Ermənistanın yeni reallıqları dərk etməsi və təzyiqlərə baxmayaraq sülh prosesini dəstəkləməsi region üçün ümidverici siqnaldır.”

R.Nəbiyev qeyd edib ki, Qafqazda mövcud sabitliyin əsasını Azərbaycanın hərbi və siyasi-diplomatik müstəvidə nümayiş etdirdiyi “mütləq qələbə modeli” təşkil edir:
“Bu gün dünyada davam edən münaqişələr – Rusiya–Ukrayna müharibəsi, eləcə də İran–ABŞ–İsrail qarşıdurması fonunda sülhün əldə olunmasının nə qədər çətin olduğu aydın görünür. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə müasir tarixdə nadir və tam nəticəli hərbi uğur kimi qiymətləndirilir.”
Deputat Prezident İlham Əliyevin fikirlərinə də istinad edib:
“Dövlət başçısının qeyd etdiyi kimi, son 80 ildə Azərbaycan kimi mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Bu qələbə nəticəsində Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu və Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdi.”
R.Nəbiyev əlavə edib ki, Azərbaycan və Gürcüstanın iqtisadi və coğrafi üstünlükləri qarşılıqlı tamamlanmanı gücləndirir:
“Gürcüstanın açıq dənizə çıxışı və Azərbaycanın zəngin enerji resursları bu iki ölkəni strateji tərəfdaşlara çevirib. Bu gün Azərbaycan qazı dünyanın 16 ölkəsinə ixrac olunur və bu ixracın ilk ünvanı məhz Gürcüstandır. Bu fakt Azərbaycanın Gürcüstan üçün həm enerji təhlükəsizliyi, həm də iqtisadi dayanıqlıq baxımından əhəmiyyətini açıq şəkildə göstərir.”
Onun sözlərinə görə, tərəfdaşlıq yeni istiqamətlər üzrə də genişlənir:
“Rəqəmsal İpək yolu, data mərkəzləri və yaşıl enerji layihələri bu əməkdaşlığı daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Prezident İlham Əliyevin balanslı və milli maraqlara əsaslanan xarici siyasət kursunun göstəricisidir.”
Deputat Gürcüstanda son dövrlərdə baş verən proseslərə də toxunub:
“Bu fonda Azərbaycanın prinsipial və dövlətçilik maraqlarına əsaslanan mövqeyi xüsusi diqqət çəkir. Gürcüstanın Baş naziri Kobaxidzenin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər – Prezident İlham Əliyevi nümunəvi lider kimi dəyərləndirməsi – iki ölkə arasında strateji münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.”
Sonda R.Nəbiyev qeyd edib ki, Azərbaycanın regiondakı rolu artıq daha geniş coğrafiyada qəbul olunur:
“Oxşar fikirlərin Serbiya, ABŞ və Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən də səsləndirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.”