Modern.az

Nikah üçün arayış narkomaniyanın da qarşısını alacaq - MÖVQE

Nikah üçün arayış narkomaniyanın da qarşısını alacaq - MÖVQE

Ölkə

Bu gün, 18:00

Azərbaycanda son illər ailə institutunun qorunması və boşanmaların qarşısının alınması məsələsi daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Rəsmi statistikalar da göstərir ki, nikahların müəyyən hissəsi qısa müddət sonra müxtəlif sosial və psixoloji səbəblərdən dağılır. Bu səbəblər arasında isə bəzən nikahdan əvvəl məlum olmayan problemlər, xüsusilə də zərərli vərdişlər və asılılıqlar mühüm rol oynadığı deyilir. 

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanovun nikah zamanı təqdim olunan tibbi arayışlara əlavə olaraq narkoloji arayışın da tələb olunması ilə bağlı irəli sürdüyü təklif məhz bu kontekstdə diqqət çəkir. Deputatın qeyd etdiyi kimi, bəzi hallarda narkoloji asılılıq yalnız ailə qurulduqdan sonra üzə çıxır və bu da ailədaxili problemlərə, hətta boşanmalara səbəb olur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, irəli sürülən təklifdə məntiqi yanaşma var:

“Əlbəttə, həmkarımın fikirlərində məntiqi ardıcıllıq mövcuddur. Çünki biz Azərbaycan vətəndaşları olaraq cəmiyyətimizin əsas sütunlarından biri olan ailə institutunun möhkəmlənməsinə çalışmalıyıq. Sağlam və möhkəm ailə cəmiyyətin sağlamlığının əsasını təşkil edir”.

Deputat qeyd edib ki, ailələrin fiziki sağlamlığı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır:

“Ailələrin ilk növbədə fiziki cəhətdən sağlam olması vacibdir. Bu, ailənin tərkib hissəsi olan uşaqların da sağlam böyüməsinə və nəticə etibarilə mənəvi baxımdan güclü cəmiyyətin formalaşmasına səbəb ola bilər”.

Müşfiq Məmmədli əlavə edib ki, bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülür və onların dəyərləndirilməsi vacibdir:

“Bu sahədə irəli sürülən təkliflər diqqətlə araşdırılmalı və qiymətləndirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar ailə institutunun daha da möhkəmlənməsinə xidmət edə bilər”.

Sosioloq Mail Yaqublu təklifə müsbət yanaşdığını bildirib.

Onun sözlərinə görə, nikah zamanı narkoloji arayışın tələb olunması gənclər arasında məsuliyyət hissinin artmasına səbəb ola bilər:

“Bu, mənə görə çox yaxşı təklifdir. Yeni ailə quran gənclərdə məsuliyyət hissi formalaşdırar və onların ailə məsələsinə daha ciddi yanaşmasına səbəb olar”.

Sosioloq qeyd edib ki, bu addım eyni zamanda narkotiklərlə mübarizəyə də əlavə stimul verə bilər:

“Əgər bu təklif reallaşsa, narkotiklərlə mübarizə istiqamətində də yeni bir təkan ola bilər. Təəssüf ki, son dövrlərdə bu sahə ilə bağlı xoşagəlməz hallarla tez-tez rastlaşırıq”.

Mail Yaqublu vurğulayıb ki, cəmiyyət bu kimi problemlərlə mübarizədə bütün vasitələrdən istifadə etməlidir:

“Hesab edirəm ki, gənclərin bu çirkin vərdişdən uzaqlaşması üçün bütün mümkün vasitələrə əl atmalıyıq. Nikah zamanı narkoloji arayışın təqdim olunması da bu mübarizə üsullarından biri ola bilər”.

O əlavə edib ki, bu addım ailə institutunun qorunmasına da müsbət təsir göstərə bilər:

“Bu, eyni zamanda qurulan ailələrin sonradan dağılmasının müəyyən qədər qarşısını ala bilər. Mən bu təşəbbüsü dəstəkləyirəm və çox uğurlu təklif hesab edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ