Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırlanan iş planında bir sıra beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsi də yer alıb.
Qeyd edək ki, ötən il AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan AŞPA üçün qapıları bağlamayıb:
"Onlar bizə qeyri-obyektiv və ədalətsiz münasibət göstəriblər. Mövqeylərini dəyişsələr, Azərbaycana qarşı obyektiv olub, ölkəyə qarşı qaldırılan qətnamələrdən əl çəksələr Azərbaycan onlarla əməkdaşlıq etməyə həmişə hazırdır. Amma təəssüflər olsun ki, bu istiqamətdə onların hər hansı təşəbbüsünü görmürük. Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlığı və qapıları açıq saxlayırıq. Ancaq bir şərtlə - Azərbaycanın milli maraqları nəzərə alınmalıdır".
Səməd Seyidov qeyd edib ki, iş planında qeyd olunan məsələlər təklifdir: "Komitə iclasında müzakirələr zamanı iş planına müəyyən dəyişikiliklər də etmək olar".